close

Qadının məhkəmədə özünə xəsarət yetirdiyi bildirilir

Sumqayıt Apelyasiya Məhkəməsi. Foto: Azərtac

Günay Əliyeva məhkəmə qərarı ilə razılaşmayıb

Sumqayıt Apelyasiya Məhkəməsində martın 6-da intihara cəhd hadisəsi baş verib. Barəsində 10 günlük inzibati həbs qərarı çıxarılan qadının kəsici alətlə özünə xəsarət yetirdiyi bildirilir.

Günay Aqil qızı Əliyeva haqqında bir müddət öncə Abşeron rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə işə baxılıb. Bu məhkəmə işi Abşeron İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında başlanıb. Protokolda göstərilib ki, Günay Əliyeva xəbərdarlıqlara baxmayaraq, məhkəmə qərarını icra eləmir. Buna görə Abşeron Rayon Məhkəməsində onun İXM-nin 528-ci maddəsilə 1000 manat cərimələnməsi haqda qərar çıxarılıb. Sumqayıt Apelyasiya Məhkəməsində martın 6-da həmin qərardan verilmiş şikayətə baxılıb.

Foto: Meydan TV

Bu məhkəmənin hakimi Rəşadət Ağayev 1000 manat cəriməni 10 sutkalıq inzibati həbslə əvəzləyib. Günay Əliyeva isə barəsində çıxarılmış həbs qərarıyla razılaşmayaraq, üstündəki ülgüclə qollarını kəsib.

O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fakta bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəBölgəQadının məhkəmədə özünə xəsarət yetirdiyi bildirilir