close

Qalib Bayramov: “Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün bütün böhtanatma imkanlarını işə salıblar”

Qubad İbadoğlu. Foto: Meydan TV

Partiya sədri ilə bağlı istintaq hərəkətləri aparılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi Qubad İbadoğlu ilə bağlı avqustun 15-də bir sıra istintaq hərəkətləri aparılıb. Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verərək bildirib ki, istintaq hərəkətləri Qubad İbadoğlunun saxlandığı Bakı İstintaq Təcridxanasında vəkilinin iştirakıyla həyata keçirilib. O cümlədən, onun işi üzrə ekspertizanın nəticələri də açıqlanıb.

“Bugünkü istintaq hərəkətləri onu deməyə əsas verir ki, Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün bütün şər-şəbədə yaratma və böhtanatma imkanlarını işə salıblar”, – Qalib Bayramovun sözləridir.

Qubad İbadoğlunun sağlıq durumuna gəlincə, qardaşı bildirib ki, səhhətindəki problemlər qalmaqdadır. Onun sözlərinə görə, xüsusən havaların çox isti keçməsi onun səhhətindəki ürək-damar problemlərini daha da kəskinləşdirir:

Qan təzyiqilə bağlı problem kəskinləşir. Şəkəri də qalxır. Bədən temperaturu yüksək olur…”.

O əlavə edib ki, Qubad İbadoğlu hələ də yaxınlarıyla görüşə bilmir. Onun ailə üzvlərilə görüşmək hüququna istintaqın qoyduğu qadağa davam edir.

Qalib Bayramov. Foto: “abzas.net”

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQalib Bayramov: “Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün bütün böhtanatma imkanlarını işə salıblar”