close

Qarabağ erməniləri Bakıda görüşməkdən imtina ediblər

Foto: Rusiya MN

Onlar görüşün sülhməramlıların olduğu ərazilərdə keçirilməsini istəyiblər

“Dağlıq Qarabağ” Xarici İşlər Nazirliyi Azərbaycanın Prezident Administrasiyasının Bakıda görüş keçirmək təklifinə reaksiya verib.

Qondarma qurumun Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın sülhməramlı kontingentinin komandanlığının yerləşdiyi yerdə və vasitəçiliyi ilə görüşə hazırdırlar:

“Biz Laçın dəhlizi vasitəsilə “Artsax”ı Ermənistanla birləşdirən yeganə yolun açılmasını, blokada nəticəsində yaranmış humanitar, infrastruktur və digər təxirəsalınmaz problemlərin həllini prioritet hesab edirik. Həmçinin Azərbaycana hazır həll yollarını boynumuza qoymaq deyil, vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına yönələcək digər məsələlərin müzakirəsinə də açığıq”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda, məlumatda vurğulanır ki, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi məsələlər tərəflərin bərabərliyi əsasında razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında müzakirə edilməlidir.

Mayın 27-də Azərbaycan Prezidentinin Administrasiyası (PA) Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda növbəti görüşə dəvət edib.

Prezident Administrasiyası xatırladıb ki, bu, martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də göndərilən dəvətin davamıdır:

Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə görüşə təklif edirlər”.

Martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Yanvarın 13-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etmişdi. Ancaq erməni icması görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçililiyi ilə Xocalıda keçirilməsi şərti ilə rədd etmişdi.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

44 gün sürən İkinci Qarabağ müharibəsində hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətQarabağ erməniləri Bakıda görüşməkdən imtina ediblər