Dövlət Departamenti tərəfləri fikir ayrılıqlarını aradan qaldırmağa çağırdı
Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yenə atəşkəs pozulub və tərəflər bir-birini ittiham edir.
Ermənistan Müdafiə Nazirliyi dünən saat 5-dən etibarən vəziyyətin stabil olduğunu desə də, Azərbaycan tərəf 00:15-dən saat 00:20-dək Ermənistan tərəfdən atəşə məruz qaldıqlarını bildiriblər.
Ermənistan Azərbaycanı şiddətli döyüşlər getdiyi ilə bağlı dezinformasiya yaymaqda suçlayıb.
Bildirib ki, Azərbaycan təbliğat maşını növbəti təxribat üçün informasiya bazası yaratmağa çalışır:
“Saat 17:50-yə olan məlumata görə, cəbhə xəttində vəziyyət nisbətən stabildir”.
Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub:
“İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür”.
ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə hər iki tərəfi fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırıb:
“Sülh sazişi hələ də əldə edilə bilər. İnanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”.
İyunun 15-də Ermənistan Azərbaycan sərhədində atəşkəsin pozulması nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.