close

Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu

Aleksandr Lentsov. Mənbə: Wikipedia

Volkovu Lentsov əvəzlədi

Aprelin 25-də Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib.

Bu barədə aprelin 26-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Aleksandr Lentsov bu postda general Andrey Volkovu əvəzləyib.

Andrey Volkov 2022-ci ilin yanvarında Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə təyin olunub.

A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub.

O, Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini 1978-ci ildə bitirib.

1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib.

1980-1982-ci illərdə – hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub.

A.Lentsov 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının tabor  komandiri olub.

1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb.

1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.

O, 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.

2009-cu il avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini təyin olunub.

A.Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 2 il sonra Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib.

2014-cü ildə general-polkovnik rütbəsi alıb.

A.Lentsov 2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup Rusiya hərbçisinə rəhbərlik edib.

Münaqişə zamanı o, üç dəfə atəşə məruz qalıb: Donetsk hava limanında, Şirokino yolunda və Qorlovka yaxınlığında…

General-polkovnik 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviridir.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətQarabağdakı sülhməramlılara yeni komandan təyin olundu