close

Qarabağın erməni sakinləri vergilərdən azad olunacaq, subsidiya alacaq

Reinteqrasiya. Foto: fifg/shutterstock

Azərbaycanın reinteqrasiya planında güzəştlər nəzərdə tutulub

Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək. Azərbaycan Respublikasının reinteqrasiyaya dair hazırladığı planda belə deyilir. Bildirilir ki, Qarabağda yaşayan ermənilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

“Azərtac” yazır ki, artıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlanıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Planda qeyd edilir ki, etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Hüquqi və idarəetmə sahəsi: Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.

Təhlükəsizlik sahəsi: Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.

İqtisadi sahə: Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Prezident Administrasiyası. Foto: Ovchinnikova Irina/shutterstock

Planda bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir. Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Sosial sahə: Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.

Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.

Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalana biləcəklər.

Mədəniyyət, təhsil və din sahəsi: Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.

Planda erməni dilinin istifadəsinə imkan yaradılacağı da bildirilir:

“Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək”, – deyə qeyd edilir.

Ermənistan tərəf iddia edir ki, Qarabağdan Ermənistana 100 mindən artıq insan gəlib. Azərbaycan isə bu yöndəki açıqlamalarında reinteqrasiya üçün müraciət edənlər olduğunu bildirir.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub. Bu əməliyyatdan sonra tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “dövlət naziri” Ruben Vardanyan, keçmiş “müdafiə naziri” Lyova Mnatsakanyan, “müdafiə nazirinin müavini” Davit Manukyan, keçmiş “xarici işlər naziri” Davit Babayan Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Ermənistan tərəf yüksək rütbəli hərbçilərin həbsi ilə bağlı hələlik açıqlama verməyib. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndini tərk etmədikləri bildirilir. Bu barədə oktyabrın 2-də Rusiyanın rəsmi dövlət agentliyi SİTA məlumat yayıb.

Məlumatda həmin şəxslərlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparıldığı qeyd olunub:

“Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, hər üç keçmiş lider Stepanakertdədir (Xankəndi). Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib. Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbiçisini itirib.

Ana səhifəSiyasətQarabağın erməni sakinləri vergilərdən azad olunacaq, subsidiya alacaq