close

Qardaşı: “Mirhafiz Cəfərzadə təcridxanada stulda oturulu yatır, ona çarpayı vermirlər”

Mirhafiz Cəfərzadə. Foto: screenshot

Ağciyər və astma xəstəliklərindən əziyyət çəkən məhbusun siqaret çəkənlərlə bir yerdə saxlanıldığı, rəis tərəfindən hədələndiyi də bildirilir

Ötən il dövlətə xəyanət ittihamı ilə həbs olunan Mirhafiz Cəfərzadənin təzyiqlərə məruz qaldığı bildirilir. Onun qardaşı Seyidəli Cəfərovun verdiyi məlumata görə, 20 gündən çoxdur siqaret çəkənlərlə bir yerə salınaraq əziyyət edilən Mirhafiz Cəfərzadəyə nə görüş, nə də telefon zəngi icazəsi verilir.

“Qəsdən edirlər. Hamının zəng icazəsi var, amma qardaşımı qoymurlar. Dünən qadağaya görüşü də əlavə ediblər”, – məhbusun qardaşı belə deyir.

Mirhafiz Cəfərzadə Bakı İstintaq Təcridxanasında saxlanılır. Qardaşının sözlərinə görə, o, ağciyər, astma xəstəliklərindən əziyyət çəkir. Həmçinin allergiyası var. Hospitalda da xəstəlik vərəqinə bu cür yazılıb və Kürdəxanıya göndərilib.

“Orada təcridxananın rəisi ilə görüşüb. Deyib ki, onu siqaret çəkənlərdən ayırıb başqa yerə köçürsünlər. Rəis isə deyib ki, yox, ölməyəcəksən. Mirhafiz də bildirib ki, bilirəm ölməyəcəyəm, amma məni incidir. Rəis gülə-gülə: “sən tələsmə, görərsən ölmək necədir”, – deyib”.

Məhbusun qardaşının iddiasına görə, Bakı İstintaq Təcridxanasının rəisi işçilərinə Mirhafiz Cəfərzadənin kamerasını dəyişdirməməyi tapşırıb:

“Deyib, qoy canı çıxsın, vətən xainləri belə ölməlidir”.

“Mirhafizdən çöldə adamının olub-olmamasını soruşub. Deyib ki, zəng elə, de, məndən kimə şikayət edirlər-etsinlər”, – S.Cəfərov belə deyir.

Qardaşının gözlərinə qan sızdığını deyən Seyidəli Cəfərovun sözlərinə görə, ona yatmağa yer də verilmir, ancaq stulda oturur.

“Kamera yoldaşları ona gündüzlər birtəhər yer verirlərmiş, amma gecədən səhərə kimi stulda otururmuş. 16 nəfərlik yerə 17 nəfər salıblar. Deyiblər ki, stulun üstündə əyləşəcəksən”.

Meydan TV Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib. Qurumun mətbuat katibi telefonlara cavab vermir.

Mirhafiz Cəfərzadə 2022-ci ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onun həbsinin səbəbilə bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, Mirhafiz Cəfərzadə Azərbaycanda hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirərək, onların lokasiyasını və digər məlumatları İrana göndərib. İttihama əsasən, o, bu işi 2018-ci ildən beynəlxalq axtarışda olan və hazırda İranda gizlənən Orxan Məmmədovun tapşırıqları əsasında görüb. Tapşırıqlar da Azərbaycanın təhlükəsizliyi, müdafiəsi əleyhinə olub. Ümumiyyətlə, Orxan Məmmədovun İran xüsusi xidmət orqanlarının nəzarəti altında törədilən cinayətlərlə əlaqədar axtarışda olduğu da açıqlamada vurğulanır.

Rəsmi açıqlamaya Mirhafiz Cəfərzadənin özünün görüntüləri də əlavə edilib və orada o bildirir ki, Orxan Məmmədovla sosial şəbəkələr üzərindən əlaqə saxlayıb, həmin şəxs bir dəfə onu İrana dəvət edib:

“Məndən Lənkəranda hərbi baza barədə soruşub. Ona yerini göndərmişəm”.

Lakin Mirhafiz Cəfərzadənin yaxınları yayılan görüntülərin montaj olunduğunu iddia edir.

Ana səhifəSosialQardaşı: “Mirhafiz Cəfərzadə təcridxanada stulda oturulu yatır, ona çarpayı vermirlər”