close

Gəncə sakini elmi fəaliyyətinə imkan verilmədiyini, müdafiəyə buraxılmadığını deyir

Fotolar: Meydan TV

İlahə Hacıyeva: “Atam prezidentə məktub göndərdi ki, qızım müdafiəyə hazırdı, amma çağırmırlar, ondan sonra…”

Gəncə sakini İlahə Hacıyeva elmi fəaliyyətində əngəllərlə üzləşdiyini, ona süni maneələr yaradıldığını deyir. Onun sözlərinə görə, elmi işi xeyli vaxtdır hazır olsa da, müdafiəyə buraxılmır.

“2018-ci ildə dissertasiya hazır oldu”

İlahə Hacıyeva deyir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin Bioresurslar İnstitutunda doktorantura təhsili alıb. O, 2014-cü ildən başlayaraq, 4 il qiyabi oxuyub.

Danışır ki, təhsil aldığı müddətdə elmi rəhbəri, mərhum Nemət Qasımovla birlikdə 3 il şəkər çuğunduruyla bağlı elmi araşdırma aparıblar. Araşdırma çərçivəsində müxtəlif elmi idarələrin laboratoriyalarında, o cümlədən hazırda şikayətçi olduğu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyasında işləyiblər:

“Bu iş təxminən 5 il ərzində görülmüşdü. 2016-cı ildə rəhbərim Nemət Qasımovun vəfatından sonra bəzi hissələri özüm təkbaşına yerinə yetirdim. 2018-ci ildə nəticələr əldə edəndən sonra dissertasiya hazır oldu”.

Prezidentə məktub

İlahə Hacıyeva bildirir ki, AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev həmin dövrdə Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə onunla bağlı məktub göndərib.

İlahə Hacıyeva

“Məktubda mənimlə bağlı göstərmişdi ki, elmi işini bitirib, lakin rəhbər rəyi yoxdur. Belə halda, mümkündürsə, ilkin müzakirəyə buraxılsın. Oradan müsbət cavab verildi. Elmi işimin müdafiəsinə icazə verildi. 2019-cu il mayın 21-də ilkin müzakirədən keçdim. Sonra pandemiya oldu. Başqa sahələrdə olduğu kimi, elmi sahədə də ləngimələr yaşandı. Elmi məqaləmi 2021-ci ildə dərc elətdirdim…”.

İlahə Hacıyevanın sözlərinə görə, o, daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynovaya müraciət edib. İradə Hüseynova həm də o dövrdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaranan Dissertasiya Şurasının sədri olub.

ED 1.25 qeydiyyat nömrəli Dissertasiya Şurası Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin 28 dekabr 2019-cu il tarixli əmrilə yaradılıb.

“İradə Hüseynova mənə dedi ki, sənədləri poçt vasitəsilə göndərim. Mən də 2020-ci ildə sənədlərimi göndərdim. Bunu təsdiqləyən poçt qəbzlərim də var. Pandemiya səngiyəndən sonra şuralar fəaliyyətə başladı. Xeyli gözlədim, məni çağırmadılar. Dəfələrlə İradə xanıma da, digər şəxslərə müraciət elədim. Nəticəsi olmadı. Atam Qarabağ müharibəsi veteranıdır. O, müxtəlif dövlət orqanlarına, o cümlədən prezidentə məktub göndərdi ki, qızım müdafiəyə hazırdı, amma çağırmırlar. Bundan sonra mənə yazdılar ki, “gəlib seminardan keçərsən”. Mən seminardan kəsildim. Düzdür, elə şeylər vardı ki, onların düzəlişə ehtiyacı vardı, amma elə səhvlər də vardı ki, onlar çox cüzi idi. Mənə dedilər ki, on gün ərzində düzəldib gətirsən, əsas müdafiəyə keçmək hüququ əldə edəcəksən. Mən deyilən vaxtda Gəncədən gəlirdim deyə, 1-2 saat gecikdim. Mənə dedilər ki, vaxt keçib, Şuradan lazımi səsi toplaya bilməmisən…”, – İlahə Hacıyeva belə deyir.

“Gah dedilər sənədlər təqdim olunmayıb, gah başqa bəhanə…”

Onun sözlərinə görə, gedib dissertasiyanın üstündə yenidən işləyib. 2022-ci ilin aprelində Bioresurslar İnstitutunda ikinci dəfə ilkin müzakirədən keçəsi olub. Nəticəni Seminar Şurasına təqdim edib. Bir müddət gözləyib, yenə çağırılmadığını görəndə bir daha şikayət edib:

“Sentyabrın 23-də mən ikinci seminara çağırıldım. Müsbət rəy aldım. Həmin rəylərin əsli də özümdədir. Yenə bir xeyli gözlədim, hətta tez-tez əlaqə də saxlayırdım ki, məni müdafiəyə nə vaxt çağırırsınız? Gah dedilər ki, Seminar Şurası sənədlərini təqdim eləməyib, gah başqa bəhanə gətirdilər. Yaşar müəllim mənə dedi ki, bütün sənədlər təqdim olunub…”.

İlahə Hacıyeva deyir ki, onun haqqında müsbət rəylər qala-qala birinci seminardan kəsilməsi barədə rəyi əlavə edib göndəriblər:

“Eyni adamlara da mənfi rəyə qol çəkdiriblər. Bu, necə mümkündür ki, eyni adam həm müsbət, həm də mənfi rəy verir? Mən savadlı kadrlar yetişdirmək istəyirəm, imkan vermirlər, özbaşınalıq edirlər”.

O vurğulayıb ki, qərəzli şəkildə elm yolunda irəliləməsinə imkan vermirlər, yolunu kəsirlər.

Dissertasiya Şurasının sədri: “Elmi iş tələblərə cavab verməlidir”

Dissertasiya Şurasının sədri İradə Hüseynova isə İlahə Hacıyevanın ona qarşı qərəzli münasibət haqda dediklərilə razılaşmır:

“O, Seminar Şurasından keçib, Müdafiə Şurasına gəlməyib. Ona xeyli kömək də olunub. Bu adam özü müdafiəyə gəlməkdən imtina eləyib. Elmi işi qaydaya salmaq lazımdır. Elmi iş tələblərə cavab verməlidir”.

Ana səhifəSosialGəncə sakini elmi fəaliyyətinə imkan verilmədiyini, müdafiəyə buraxılmadığını deyir