close

Qardaşı: “Qubad İbadoğlunun hərəkət qabiliyyəti məhdudlaşıb”

Qubad İbadoğlu. Foto: Meydan TV

İqtisadçının gündə üç dəfə ağrıkəsici qəbul etdiyi deyilir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, professor Qubad İbadoğlunun səhhətindəki problemlərlə əlaqədar hərəkət qabiliyyətində məhdudiyyət yarandığı bildirilir.

Bu barədə Meydan TV-yə danışan qardaşı Qalib Bayramov deyir ki, hələ həbsdən öncə Qubad İbadoğlunu həkimlər onurğasındakı problemlə əlaqədar fizioterapiyaya göndərmişdi. Lakin həbs olunduğuna görə bu prosedur həyata keçirilə bilmədi.

ADR sədrinin kəskin ağrılardan əziyyət çəkdiyi, bu üzdən gündə üç dəfə ağrıkəsici qəbul etdiyi bildirilir.

Qardaşının sözlərinə görə, Qubad İbadoğlunun səhhətindəki ən ciddi problem onun ürəyi ilə bağlıdır. O xatırladıb ki, hətta buna görə Avropa İnsan Haqları Məhkəməsi sentyabrın 20-də qərar qəbul edərək, Azərbaycan hökumətinin üzərinə öhdəlik qoyub. Qərara əsasən, Qubad İbadoğlu daha ciddi müayinə olunmalı, analizləri götürülməli, nəticə haqda Avropa Məhkəməsi də məlumatlandırılmalıdır:

“Qardaşımın ürəyində olan aortanın anevrizması çox ciddi xəstəlikdir.  Ona görə Avropa Məhkəməsinin qərarında göstərilib ki, dərindən müalicə və analiz olunmalıdır. Lazım gəlsə, ixtisaslaşmış müayinə üçün uyğun klinikaya aparılmalıdır. Lakin sentyabrın 20-də qərar çıxarılandan bu yana heç bir addım atılmayıb”.

Qardaşıyla oktyabrın 3-də telefonla danışdığını deyən Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlunun təzyiqi və şəkəri də əvvəlki kimi yüksəkdir. Hərçənd, Bakı İstintaq Təcridxanasında onu müayinə edən həkimlər təzyiqin normada olduğunu bildirirlər.

Qalib Bayramov. Foto: “abzas.net”

Qubad İbadoğlunun özü də onun lazımi müayinədən keçirilməməsi və ehtiyacı olan tibbi yardımın göstərilməməsi haqda şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılanda demişdi ki, istintaq təcridxanasında həkimlər təzyiqini ölçəndən sonra özü də kameradakı təzyiqölçən aparatla bir daha ölçür və arada kəskin fərq yaranır:

“Bu məsələ hətta lətifəyə çevrilib təcridxanada. Hər dəfə ölçəndə deyirlər ki, guya qardaşımın təzyiq göstəricisi 110-70 və ya 120-80-di. Halbuki, ürəyində o cür problem olan adamın təzyiqi belə qaydasında ola bilməz. Dünən (oktyabrın 3-də) onunla danışanda dedi ki, şəkəri 370-di”.

ADR sədrinə lazımi tibbi yardım göstərilməməsilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə şikayət verilsə də, şikayət təmin olunmayıb. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən bildirilib ki, bütün müayinə və tibbi yardımlar həyata keçirilib.

Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verilib.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri öncə dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQardaşı: “Qubad İbadoğlunun hərəkət qabiliyyəti məhdudlaşıb”