close

Qardaşı Qubad İbadoğlunun səhhətindən narahatdır: “Həyati təhlükəsi var”

Qubad İbadoğlu. Foto: Meydan TV

Məhkəmə ADR sədrinin ofisində qanunsuz axtarışın aparılması ilə bağlı vəsatəti təmin etməyib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi Qubad İbadoğlu tutulduğu gün ofis kimi istifadə etdiyi mənzilində aparılan axtarışla bağlı məhkəmə prosesi keçirilib.

Onun vəkillərinin axtarışın qanunsuz hesab edilməsi haqda verdiyi şikayətə avqustun 11-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyilə baxılıb.

Vəkillər şikayətdə göstərib ki, axtarış məhkəmə qərarı olmadan keçirilib, bu səbəbdən qanunsuzdur.

Məhkəmə prosesində iştirak edən Qubad İbadoğlu bildirib ki, sözügedən mənzil onun adına olsa da, faktiki illərdir ki, orada nə yaşayır, nə də istifadə edirdi.

Onun sözlərinə görə, mənzilin qapısı da çətinliklə açılıb. Bu da axtarışdan bir müddət əvvəl kənar şəxslərin ora gizli şəkildə daxil olub, mənzilə və açar yerinə müdaxilə etdiklərini göstərir.

ADR sədrinin sözlərinə görə, axtarış zamanı mənzildən tapıldığı iddia olunan pulun ona heç bir aidiyyəti yoxdur və əvvəldən gizli şəkildə ora daxil olan adamlar qoyublar.

Qubad İbadoğlu əlavə edib ki, onun həbsi qanunsuzdur və ölkənin nüfuzuna zərbə vurur.

Məhkəmədə iştirak edən müstəntiq və prokuror isə bu arqumentlərlə razılaşmayıb.

Onlar axtarışın qanuni və əsaslı olduğunu bildiriblər.

Hakim də bir saata yaxın davam edən müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıb.

Vəkillər Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Qubad İbadoğlu saxlandığı Bakı İstintaq Təcridxanasında müayinə olunsa da, nəticələr onun ailə üzvlərinə və ya vəkillərinə təqdim olunmur.

Qalib Bayramov. Foto: “abzas.net”

Bunu isə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib.

“Kürdəxanı təcridxanasının rəhbərliyi həkim müayinəsinin və qan analizlərinin nəticələrini vəkillərə təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Nəticələr bizə təqdim olunarsa, qardaşımın səhhətini son 2 ildə nəzarətdə saxlayan London həkimlərilə məsləhətləşə bilərik”, – Qalib Bayramov belə deyib.

Onun sözlərinə görə, qardaşı avqustun 11-də Nərimanov Rayon Məhkəməsində də halsız olub.

O vurğulayıb ki, üç gündür Qubad İbadoğlunun temperaturu düşmür:

“20 gündür ki, normadan 2-3 qat çox olan şəkəri bu gün 4-ə qədər enibmiş. Şəkərin bu şəkildə kəskin oynaması həyat üçün çox təhlükəlidir. Arterial təzyiq isə oksigen çatışmazlığından və sinir sisteminin pozulması səbəbindən normallaşmır”.

Qalib Bayramovun dediklərinə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri bir neçə nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan həmin şəxslərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur.

Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir.

Lakin ADR sədri bildirib ki. həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətQardaşı Qubad İbadoğlunun səhhətindən narahatdır: “Həyati təhlükəsi var”