close

Qəbələdə polisin 12 yaşlı uşağı döydüyünün görüntüsü yayılıb (Yenilənib)

Qəbələ rayonunun Vəndam qəsəbəsində polisin 12 yaşlı Dəniz Ağayevi yerə yıxıb təpikləməsilə bağlı Daxili İşlər Nazirliyi yeni açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatdan aydın olur ki, uşağın atası və əmisi həbs olunub, polis cəzalandırılıb.

“S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. O, saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərib, daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, – DİN-in mətbuat xidmətinin yaydığı məlumat belədir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, həbs olunanlar Dənizin atası Eldəniz və əmisi Səxavət Ağayevlərdir.


“Atasını və əmisini də həm aparanda, həm də sonradan şöbədə çox döyüblər”

Sosial şəbəkələrdə polisin uşağı yerə yıxıb təpiklədiyini əks etdirən videogörüntülər yayılıb. Elə həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, bu hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Görüntülərdə polislərin döydüyü isə 12 yaşlı Dəniz Ağayev və atasıdır.

“Dekabrın 2-də Dənizin ad günü idi, 12 yaşı tamam oldu. Polislər gəliblər ki, səs-küy salırsız. Atasını götürüb aparmaq istəyəndə uşaq ağlamağa başlayıb. Uşağın gözünün qarşısında polislər atasını döyməyə başlayıblar. Onda uşaq polislərə daş atıb. Polislərdən biri gəlib Dənizi yerə yıxıb, uşağa nə qədər təpik vurub”, – Vəndamdan Meydan TV-yə bildirilib.

Məlumata görə, polislər uşağı döyməklə kifayətlənməyib, onu da atası və əmisi ilə birlikdə Qəbələ rayon Polis Şöbəsinə aparıblar.

“Atasını və əmisini də həm aparanda, həm də sonradan şöbədə çox döyüblər. 12 yaşlı uşağı da şöbədə saxlayıblar. Anası gedib şöbənin qabağında nə qədər ağlayıb. Ondan sonra gecə uşağı buraxıblar. Atası və əmisini hələ də saxlayıblar. Uşaq nə vəziyyətdədir”, – adının açıqlanmasını istəməyən Vəndam kənd sakini deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdəki videoda əks olunan insident araşdırılır:

“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Adının açıqlanmasını istəməyən Vəndam sakini onu da bildirib ki, Fəxrəddin Abbasov Qəbələyə polis rəisi təyin olunandan sonra rayonda vətəndaşların polislərdən şikayətləri də artıb:

“Xüsusən yeni rəis gələndən sonra polislərin özbaşınalığı da artıb. Necə istəyirlər, elə də hərəkət eləyirlər. Vətəndaşlarla qul kimi davranırlar…”.

2023-cü ilin iyununda Qəbələ rayon Polis Şöbəsinin rəisi təyin olunan Fəxrəddin Abbasov bundan əvvəl Ağsu rayonunda eyni vəzifədə çalışıb. Ağsuda işlədiyi dövrdə də onun adı müxtəlif qalmaqallarda hallanıb.

Polis rəisi Fəxrəddin Abbasovun Prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qohumu olduğu bildirilir.

Ana səhifəXəbərlərQəbələdə polisin 12 yaşlı uşağı döydüyünün görüntüsü yayılıb (Yenilənib)