close

Qətl ittihamıyla 4 ildir həbsdə olan şəxs bəraət istəyir: “Boynuma götürməkdən başqa yol qoymadılar…”

Məhkəmə. Foto: Meydan TV

Polad İsmayılov bildirib ki, ona işgəncə verməkdən əlavə, həm də zorlama ittihamı irəli sürməklə, övladlarıyla da hədələyiblər

4 ilə yaxındır həbsdə olan Gəncə sakini Polad İsmayılova qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmə onun işinə düzgün baxılmaması qənaətinə gəlmiş və işi apelyasiya instansiyasına geri qaytarmışdı. Xeyli vaxtdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsi onun ittiham olunduğu ölüm işini yenidən araşdırır.

50 yaşlı Polad İsmayılov Zaqatalada 61 yaşlı Seyran Əyyubovanı yaşadığı evdə qətlə yetirməkdə ittiham olunur. Sözügedən qətl hadisəsi 2011-ci ilin fevralında baş verib. Polad İsmayılov isə 2020-ci ilin fevralında həbs olunub. Onun həbsindən sonra prokurorluq bu barədə yaydığı rəsmi məlumatda bunu uzun illər bağlı qalmış cinayətin üstünün açılması kimi dəyərləndirmişdi.

Seyran Əyyubova evini gündəlik kirayə verirmiş. Hər gün onun evində müxtəlif adamlar qalırmış. Yük maşınının sürücüsü olan, mişar daşları və başqa yüklər daşıyan Polad İsmayılov da hadisəyə qədər dəfələrlə onun evində qalıb.

Polad İsmayılov ittihamı qəbul etmir, bu cinayətin onun üzərinə işgəncə yoluyla qoyulduğunu deyir. Onun sözlərinə görə, 2020-ci ilin fevralında Zaqatala Rayon Polis Şöbəsinə çağırılıb. Şöbənin qarşısında gözlədiyi zaman siqareti yerə atmaq bəhanəsiylə öncə haqqında polisə müqavimət ittihamıyla 10 günlük inzibati həbs qərarı çıxarılıb. Bu müddətdə isə ona ağlasığmaz işgəncələr verib, 9 il əvvəl baş vermiş qətli üzərinə götürməyə məcbur ediblər.

Polad İsmayılov bildirib ki, ona işgəncə verməkdən əlavə, həm də zorlama ittihamı irəli sürməklə, övladlarıyla da hədələyiblər:

“O qədər işgəncə verdilər, murdarlıq elədilər… Boynuma götürməkdən başqa yol qoymadılar”.

Polad İsmayılov inzibati həbsdə olduğu müddətdə ondan ərizə alınıb. Ərizədə göstərib ki, o, 9 il öncə törətdiyi qətli etiraf etmək istəyir, buna görə vicdan əzabı çəkir və s.

Hazırda Şəki Apelyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Budəfəki məhkəmə iclasında 4 il öncə ekspert kimi rəy vermiş Gündüz Cəbrayılov dindirilib.

Məsələ burasındadır ki, hadisə yerindən Seyran Əyyubovanın qanıyla yanaşı, başqa bir qan da tapılıb. Həmin qan III qrup olub. Bu ekspert Polad İsmayılovun qanıyla hadisə yerindən tapılan qan nümunəsinin eyni şəxsə məxsus olması haqda rəy verib. Halbuki, Polad İsmayılovun qanı I qrupdur.

Gündüz Cəbrayılov məhkəmədə özünü təqdim edərkən bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşıdır, polkovnik-leytenantdır.

Vəkil Zabil Qəhrəmanov deyir ki, hüquq-mühafizə orqanının əməkdaşının ümumiyyətlə, ekspert qismində rəy verməsi doğru deyil. Çünki Daxili İşlər Nazirliyi, prokurorluq və s. işin nəticəsində maraqlı qurumlardır:

Zabil Qəhrəmanov. Foto: Meydan TV

“Bu cür məsələlərdə Səhiyyə Nazirliyinin eksperti qala-qala niyə Daxili İşlər Nazirliyinə həvalə olunub bu iş? İstintaq və təhqiqat orqanına tabe olan şəxs ümumiyyətlə, ekspert ola bilməz”.

Ekspert ifadəsində bildirib ki, ona üstündə “Polad İsmayılov” yazılmış şüşənin içində qan təqdim olunub. Eyni zamanda, bir tənzifin üstündə də qan ləkəsi olub. O da həmin vəsaitlər əsasında tədqiqat aparıb, rəy verib. Onun sözlərinə görə, həmin qan və tənzifin haradan və necə götürüldüyünü bilmir. Tənzifdə olan qanın az bir hissəsini tədqiqat məqsədilə istifadə edib, qalanını isə təhvil verib.

Lakin ekspert ona təqdim olunanlardan nə qədər istifadə olunması, nə qədər təhvil verilməsi haqda heç bir hesabat yazmayıb.

O, məhkəməyə sənədlərin fotolarını təqdim edib. Bu zaman fotolarda möhürlərin rəngi hakimlərin diqqətini cəlb edib. Çünki möhürlərin rəngi heç də bir neçə il əvvəl vurulana bənzəmirdi. Onlar iş materiallarına əlavə olunub.

Məhkəmədə hadisə yerində çəkilmiş videogörüntülərə də baxılıb. Polad İsmayılov müstəntiqin iştirakıyla videoçəkilişlə ifadə verir, Seyran Əyyubovanı necə öldürdüyünü danışır.

O bildirib ki, öncədən təlimatlandırılmışdı, ona uyğun danışırdı.

Vəkil Zabil Qəhrəmanov da bəzi məqamlara diqqət çəkərək bildirib ki, cinayət işinin materiallarında Seyran Əyyubovanı öldürən qatilin daha sonra bıçağı mətbəxdəki kranın altına atıb getdiyi göstərilib. Çünki hadisədən sonra oradan qanlı bıçaq tapılıb. Amma videoda Polad İsmayılov deyir ki, “mən onu öldürdüyüm bıçağı yolda çaya atdım”.

Polad İsmayılovun məhkəməsi oktyabrın 25-də davam edəcək.

Cinayət işinin materiallarında iddia olunur ki, hadisədən bir gün öncə ev sahibi Polad İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq.

Səhər oyananda Polad İsmayılov həmin çarpayının boş olduğunu görüb, qadının ona yalan danışdığını düşünüb və ondan qisas almaq qərarına gəlib. İttihama görə, Polad İsmayılov səhər çıxıb getsə də, günorta geri qayıdıb və qadını öldürüb.

Polad İsmayılov isə deyir ki, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər və belə bir absurd ssenari uydurublar. O, məhkəmədən bəraət verilməsini istəyir.

Ana səhifəBölgəQətl ittihamıyla 4 ildir həbsdə olan şəxs bəraət istəyir: “Boynuma götürməkdən başqa yol qoymadılar…”