close

Qəzza müharibəsi humanitar böhrana səbəb olub, Bayden İsrailə gedir

Foto: Reuters

İsrailin baş naziri İrana: “Bir zamanlar etdiyiniz səhvi təkrarlamayın”

ABŞ Prezidenti Co Bayden Qəzzada humanitar böhrana səbəb olan, İranla münaqişə qorxusunu artıran müharibə ərəfəsi, eyni zamanda, İsrailin HƏMAS döyüşçülərinə qarşı hücumu gücləndirməyə hazırlaşdığı vaxtda bu ölkəyə səfər edəcək.

Səfər oktyabrın 18-də planlaşdırılır.

Oktyabrın 7-də HƏMAS silahlıları İsrailin cənub şəhərlərinə basqın edib. Basqında 1300 nəfərin öldürüldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.

Həmin hücumun İsrailin 75 illik tarixində ən ölümcülü olduğu deyilir.

“Reuters” yazır ki, bu hadisələrdən sonra Co Baydenin İsrailə səfəri ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqinə dəstəyinin nümayişidir.

İsrail HƏMAS-ın idarə etdiyi Qəzzaya qarşı blokadanı gücləndirib, ölkəyə yanacağın girişini məhdudlaşdırıb. İsrailin hava zərbələri minlərlə fələstinlinin ölümünə və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub.

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 17-də Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Saatlarla davam edən danışıqların sonunda Baydenin İsrailə səfər edəcəyini bildirib.

“Bayden HƏMAS-a fayda vermədən Qəzzadakı mülki şəxslərə necə humanitar yardım göndərilə biləcəyini müzakirə edəcək. O, Netanyahu ilə Qəzzanın mülki əhalisinə humanitar yardım çatdırmaq üçün plan hazırlamaq barədə razılığa gəlib”, – Blinken deyib.

Co Bayden, Mənbə: lev radin/shutterstock
Co Bayden, Mənbə: lev radin/shutterstock

ABŞ-ın milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib ki, Bayden İsrailə səfər etdikdən sonra Kral Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşmək üçün İordaniyaya gedəcək.

Qəzza rəsmiləri oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 2800-dən çox insanın öldüyünü, onların təxminən dörddə birinin uşaq olduğunu, 10 mindən çox yaralının isə xəstəxanalarda ləvazimat çatışmazlığı yaşadığını bildirib.

İsrail ordusu ötən gecə ərzində HƏMAS və İslami Cihadın hərbi obyektlərinə, o cümlədən HƏMAS-ın qərargahına və qrupun istifadə etdiyi banka zərbələr endirib. Zərbələr zamanı HƏMAS hərbçisinin öldürüldüyü bildirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian dövlət televiziyasına İsrailin Qəzzada istədiyi hərəkəti etməsinə izin verməyəcəklərini bildirib:

Biz Qəzza xalqına qarşı törədilən hərbi cinayətlərə biganə qala bilmərik”, – Əmir Abdollahian bildirib.

7 inkişaf etmiş dövlətlər qrupunun hazırkı prezidenti, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Qəzzaya humanitar yardım üçün 10 milyon dollar ayırdığını açıqlayıb. Həmçinin deyib ki, İranla danışıqların son mərhələsindədir.

İsrailin baş naziri isə açıqlamasında israillilər uzun döyüşə hazırlaşmalıdırlar deyib:

“Mənim İran və Hizbullaha bir mesajım var: bizi şimalda sınamayın. Bir zamanlar etdiyiniz səhvi təkrarlamayın. Çünki bu gün ödəyəcəyiniz bədəl daha ağır olacaq”.

Ana səhifəSiyasətQəzza müharibəsi humanitar böhrana səbəb olub, Bayden İsrailə gedir