close

Qəzzada atəşkəs başlayıb

Qəzza. Foto: Reuters

Gün ərzində girovların azad ediləcəyi gözlənilir

Noyabrın 24-də İsrail və HƏMAS Qəzzada atəşkəs rejiminə başlayıb.

Bu, 48 günlük müharibədə ilk fasilədir.

Atəşkəsə həmçinin, Qəzzadakı israilli girovların buraxılması və İsrail həbsxanalarındakı fələstinlililərin azad edilməsi şərti də daxildir.

Atəşkəsdən sonra Qəzza zolağının cənubundakı iki İsrail kəndində sirenalar səslənərək Fələstin raketlərinin gələ biləcəyi barədə xəbərdarlıq edilib. İsrail hökumətinin sözçüsü bildirib ki, HƏMAS atəşkəs rejimini pozaraq raket atəşı həyata keçirib, lakin zərərlə bağlı məlumat verməyib.

Qəzza atəşkəs müddətində həmçinin humanitar yardım alacaq.

“Reuters” bildirir ki, yardım maşınları atəşkəs başlayandan təxminən 1-2 saat sonra Misirdən Qəzza zolağına daxil olub.

Misir atəşkəs başlayanda Qəzzaya gündəlik 130 min litr dizel və 4 maşın qaz veriləcəyini bildirib. Həmçinin qeyd edib ki, hər gün Qəzzaya 200 yük maşını yardım göndərəcək.

Əsasən yaşlı qadınlardan ibarət ilk girovların azad edilməsi prosesi isə 16:00-da başlayacaq.
Qətər sözçüsü jurnalistlərə bildirib ki, bu günlərdə fələstinlilərin İsrail həbsxanalarından azad ediləcəyi gözlənilir:

“Ümid edirik ki, bu barışıq daimi atəşkəsə nail olmaq üçün daha geniş işə başlamaq şansı yaradacaq”.

Daha öncə İsrail tərəf açıqlama verərək bildirib ki, uzunmüddətli barışıqdan söhbət gedə bilməz. Bu, müvəqqəti atəşkəsdir və razılaşdırılan müddət bitəndən sonra HƏMAS-a qarşı hərbi əməliyyatlar davam etdiriləcək.

Oktyabrda HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində azı 1200 israilli öldürülüb. Ölənlərin əksəriyyəti dinc sakinlər olub.

Müxtəlif ölkələrin vətəndaşlarının olduğu 240-a yaxın şəxs isə girov götürülüb. HƏMAS-ın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyi bildirir ki, oktyabrın 7-də İsrail ordusunun cavab əməliyyatı 14 mindən çox adamın həyatına son qoyub. Onların çoxu qadınlar və uşaqlardır.

Ana səhifəDünyaQəzzada atəşkəs başlayıb