close

Qəzzada atəşkəsin davamına ümidlər var

Qəzza. Foto: Reuters

Son saatlarda daha 30 fələstinli məhbus və 10 nəfər İsraildən götürülmüş əsir azad edilib

İsrail və HƏMAS arasında bağlanan atəşkəs müqaviləsinin bitməsinə saatlar qalmış tərəflər daha çox məhkum və əsir mübadiləsi aparıb.

Qəzzadan beş nəfər böyük, beş nəfər uşaq olmaqla, ABŞ, Almaniya və Niderland vətəndaşları azad edilib. Əvəzində İsrail daha 30 fələstinli məhkumu sərbəst buraxıb.

Qətər və ABŞ-dan olan vasitəçilər ikitərəfli atəşkəs razılaşmasının vaxtının uzadılacağına ümidlidir.

Başqa bir razılaşmaya görə, HƏMAS həmçinin daha dörd tailandlını və iki nəfər Rusiya-İsrail vətəndaşını buraxıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed Al-Ansari bildirib ki, son günlərdə əldə edilən irəliləyişin davamlı olacağına ümid edir.

Koloradoda səfərdə olan ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib ki, azad edilənlər arasında ABŞ vətəndaşı Liat Beinin də var. O, artıq sərhədi keçib:

“Mən onun anası və atası ilə danışdım. Onlar çox sevinirlər, minnətdardılar”.

Oktyabrın 7-də HƏMAS İsrailin cənub şəhərlərinə hücum edib. Hücum 1200 nəfərin ölümü, 240 nəfərin əsir götürülməsi ilə nəticələnib. Ölənlərdən çoxunun sivil insanlar olduğu açıqlanıb.

ABŞ dövlət katibi Entoni Blinken bu hücumdan sonra iki dəfə İsrailə səfər edib. Hazırda o, Təl-Əvivdə üçüncü səfərindədir.

Blinkenin gəlişi və davam edən danışıqlar hər iki tərəfin bu gün bitən atəşkəsi uzatmağa razılaşacağına dair ümidləri artırıb.

Lakin atəşkəs başlamadan öncə İsrailin Baş naziri Benyamin Netanyahu bunun uzunmüddətli olmayacağını söyləmişdi. Demişdi ki, əsirlər qayıdandan sonra onlar HƏMAS-ı və onun yaratdığı təhlükəni aradan qaldırmaq üçün müharibəni bərpa edəcəklər.

Altı günlük atəşkəsdən əvvəl İsrail Qəzzaya havadan və qurudan hücum gerçəkləşdirirdi.

HƏMAS-ın nəzarətində olan səhiyyə müəssisələrinin açıqladığı rəqəmlərə görə, bu hücum nəticəsində 15 mindən çox fələstinli ölüb, minlərlə insan didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatı bölgədə fəlakət olduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə bildirib ki, Qəzzadakı səhiyyə müəssisələri tezliklə bərpa edilməsə, burada müharibədən çox, xəstəlikdən ölənlərin sayı artacaq.

Ana səhifəDünyaQəzzada atəşkəsin davamına ümidlər var