close

Qırğızıstanda araşdırma aparan on bir jurnalist həbs olunub

Foto: Meydan TV

Bir gündə həbs olunan jurnalistlər beş ildən səkkiz ilədək həbs cəzasına məhkum ola bilərlər

Yanvarın 17-də Qırğızıstanda on bir jurnalist həbs olunub. Bu, ölkə tarixində media işçilərinin ilk kütləvi həbsidir. Həbs olunanlar “Ayt Ayt Dese” (qırğız dilində kontent dərc edən nəşr) və “Temirov Live” (rusdilli kanal) layihələri ilə bu və ya digər şəkildə əməkdaşlıq edən jurnalistlərdir.

Hər iki media araşdırmalar, xüsusilə də korrupsiya araşdırmaları üzrə ixtisaslaşıb. “Temirov Live” kanalı Dövlət Milli Təhlükəsizlik Komitəsinin informasiyanı necə manipulyasiya etməsi, 2021-ci il aprel ayının sonunda Qırğızıstan-Tacikistan sərhədində 36 qırğızın ölümü ilə nəticələnən münaqişənin səbəbləri, DMTK rəhbəri Kamçıbek Taşiyevin qohumunun neft zavoduna rəhbərlik etməsi barədə materiallar dərc edib. Kanal, bundan başqa, ölkədəki siyasi vəziyyətlə və Qırğızıstanın hazırkı Prezidenti Sadır Japarov rejiminin nə dərəcədə sabit olması ilə bağlı politoloq və digər ekspertlərin rəylərini dərc edib.

Avtoritar rejim bu araşdırmalara ona məlum olan yeganə yolla – repressiyalarla cavab verib. Əvvəlcə DİN əməkdaşları kanalın rəhbəri Bolot Temirovun üzərində narkotik “aşkarlayıb” və güc strukturları bu bəhanə ilə redaksiyada axtarış aparmağa cəhd edib. Sonra “Temirov Live”in jurnalistləri bu cinayət işi ilə əlaqədar dindiriliblər. Nəticədə Temirov narkotiklə bağlı işdə bəraət alıb.

2022-ci ilin aprelində Bolot Temirova qarşı yeni ittiham irəli sürülüb (sənədlərin saxtalaşdırılması və sərhədi qeyri-qanuni keçmə). Hakimiyyət Temirovu pasport şöbəsinin məmurlarını aldatmaqda və saxta hərbi bilet təqdim etməklə qırğız pasportunun alınması prosedurunu pozmaqda ittiham edib. Bu ittihama səbəb Bolot Temirovun 2001-ci ildə Rusiya vətəndaşlığı alması olub. Hərçənd Qırğızıstan qanunlarına görə, digər vətəndaşlığın alınması ölkə vətəndaşlığının avtomatik ləğvi anlamına gəlmir. Nəticədə, həmkarları və hüquq müdafiəçilərinin etirazlarına və tərəfkeşliyinə baxmayaraq, məhkəmə Temirovu günahkar bilib və jurnalist Rusiyaya deportasiya olunub.

Bolot Temirov deportasiya edildikdən sonra kanalın hesabları sıfırlanıb və jurnalistlərin hesabları bloklanıb. Jurnalistlər müntəzəm surətdə dolanışıqlarından məhrum olsalar da, fəaliyyətlərinə inadla davam ediblər.

Hakimiyyətin növbəti addımı jurnalistləri “kütləvi iğtişaşlara çağırışlar”da, kanal rəhbərlərini isə bu çağırışların “təşkili”ndə ittiham etmək olub. Beləliklə, Mahabat Tajibek qızı, Sapar Akunbekov, Azamat İşenbekov, Saypidin Sultanaliyev, Aktilek Kaparov, Tınıstan Asıpekov, Maksat Tajibekuulu, Joodar Buzumov, Jumabek Turdaliyev, Ayke Beyşekeyeva və Akıl Orozbekov yanvarın 17-də həbs olunub. Jurnalistlər beş ildən səkkiz ilədək həbs cəzasına məhkum ola bilərlər.

“Ayt Ayt Dese” və “Temirov Live” layihələrinin jurnalistlərinin həbsi ən parlağı olsa da, jurnalistlərə münasibətdə yeganə repressiya nümunəsi deyil. Belə ki, hakimiyyət 2023-cü ilin avqust ayında “Kloop Media”nın ləğvi barədə iddia qaldırıb, həmin ilin sentyabrında isə saytı bloklayıb. O, həmçinin “Azattık” radiosuna təzyiq göstərib, “Kaktus.Media”ya qarşı müharibəyə təbliğatla bağlı cinayət işi açıb, sonra həmin işi bağlayıb. Hazırda isə “24.kg”nin jurnalistləri elə bu cür maddə ilə açılmış cinayət işi üzrə dindirməyə çağırılır.

Jurnalistlərin həbsi təkcə fərdi azadlığa zərbə deyil, həm də tənqidi səsləri susdurmaq və müstəqil jurnalist araşdırmalarını boğmaq cəhdidir. Bu, təkcə Qırğızıstan üçün deyil, informasiya və jurnalistika azadlığının siyasi repressiya obyektinə çevrildiyi bütün dünya üçün bir çağırışdır.

Ana səhifəSiyasətQırğızıstanda araşdırma aparan on bir jurnalist həbs olunub