close

Qubad İbadoğlunun həbs müddəti 3 ay uzadıldı

Qubad İbadoğlu. Foto: Meydan TV

Məhkəmə bunu istintaqın yekunlaşmaması ilə əsaslandırıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu haqqında ilkin istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmədə müstəntiq Qubad İbadoğlu haqqında həbs müddətinin artırılması üçün prokurorun verdiyi təqdimatı əsaslandırarkən deyib ki, hələ istintaq yekunlaşmayıb.

Onun sözlərinə görə, bu cinayət işi üzrə bundan sonra da bir sıra istintaq hərəkətləri aparılmalıdır.

İstintaq davam etdiyi dövrdə isə Qubad İbadoğlunun həbsdə saxlanması zəruridir. Lakin Qubad İbadoğlu və vəkilləri müstəntiqin dediklərinə etiraz edib.

Onlar bildirib ki, həbsdə olduğu dövrdə partiya sədrinin səhhəti kəskin pisləşib.

Hazırda onun sağlamlığında ciddi problemlər var.

Qubad İbadoğlunun təqsirsiz olduğunu vurğulayan vəkillər deyib ki, hətta istintaq davam edirsə belə, onu həbsdə saxlamadan da bunu etmək mümkündür.

Qubad İbadoğlu özü də təqsirsiz olduğunu, saxta ittihamlarla həbsdə saxlandığını bildirib. Lakin məhkəmə təqdimatı təmin edib və Qubad İbadoğlunun istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb.

Onun vəkilləri Nərimanov rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov Meydan TV-yə bildirib ki, səhhətindəki problemlər dərinləşdiyinə görə, ADR sədri hərəkət qabiliyyətini itirir:

“Bel-omba nahiyəsindəki problemlər (protruziya, fəqərəarası dəliklərin daralması, degenerasiya, sinir qıcıqlanması, osteofit və sair) kəskinləşib. Gecələr ayaqlarının ağrısından yata bilmir, gün ərzində xroniki yorğunluq və halsızlıqdan əziyyət çəkir, hərəkət qabiliyyəti hər gün bir az da məhdudlaşır.
İnsulin vurulandan sonra onun yan təsirləri müşahidə olunur. Ürək döyüntüləri 115-120 arası olur. Bu da aortanın anevrizması xəstəliyi kimi ciddi ürək problemi olan qardaşım üçün çox təhlükəlidir”.

Qalib Bayramov. Foto: “abzas.net”

Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlu 20 günə yaxındır ki, Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə nevroloq və endokrinoloq müayinəsi üçün müraciət edib, lakin müsbət cavab almayıb:

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkim müayinəsini təmin etmir. Əvəzində göndərdiyimiz sorğulara imtina cavabları verməklə məşğuldur”.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin sağlıq durumuna nəzarət edən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən ADR sədrinin yaxınlarının şikayətlərilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

İdarənin rəsmiləri Qubad İbadoğlu ilə bağlı sualları cavablandırmayıb.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan professor Qubad İbadoğlu iyulun 23-dən həbsdədir.

Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri öncə daha dörd nəfərlə əlbirlikdə ittiham olunurdu.

Onların adları ilk dəfə Qubad İbadoğlunun həbsi ərəfəsində Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətQubad İbadoğlunun həbs müddəti 3 ay uzadıldı