close

Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub

Qubad İbadoğlu: Foto: Meydan TV

Qalib Bayramov qadağanın qeyri-rəsmi qoyulduğunu deyir

Həbsdə olan iqtisadçı Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə Meydan TV-yə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.

O deyib ki, bu qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlarına da tətbiq edilib.

Qalib Bayramov deyir ki, qanunvericiliyə görə ölkədən çıxış qadağası məhkəmə qərarı ilə həyata keçirilə və yalnız adı cinayət işində təqsirləndirilən şəxs qismində keçənlərə qoyula bilər:

“Qardaşıma qarşı uydurulmuş qurama cinayət işində hansısa qardaşının və ya qohumunun adı heç şahid qismində də keçmir. Ölkədən çıxış qadağasının qoyulması qanunsuzluqdur”.

Qalib Bayramov güman edir ki, qoyulan qadağa qeyri-rəsmidir.

Onlar bunu Qubad İbadoğlunun kiçik qardaşının Türkiyəyə getmək istəyəndə hava limanında saxlanması ilə biliblər:

“Qardaşımı hava limanında saxlayıblar. Ona deyiblər ki, Daxili İşlər Nazirliyi (DİN) sizin ölkədən çıxışınıza qadağa qoyub. Lakin bunu nə səbəbə etdikləri barədə ona məlumat verməyiblər. DİN-ə müraciət etməsini söyləyiblər. Bununla bərabər bizim soyadı Bayramov olmayan digər bir qohumumuz da sərhəddə salanılıb və geri qaytarılıb. Ona da eyni açıqlama verilib və səbəbi izah edilməyib”.

Qalib Bayramov düşünür ki, qardaşlardan Vüqar Bayramov istisna olmaqla, qalanlarına ölkədən çıxış yasağı qoyulub.

Ona görə də DİN-ə ailə üzvlərinin hər biri adından sorğu göndəriblər:

Bizə nə səbəbə qadağa qoyulduğunu soruşmuşuq. Vəkillərlə də məsləhətlərdən sonra anlamışıq ki, DİN bu cür sorğuların cavabını gecikdirir. 10-15 gün, bəzən cavablar bir ayadək çəkir”.

Qalib Bayramov həmçinin bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları Qubad İbadoğlunun ailəsinin müraciəti əsasında onunla görüşmək üçün son bir ayda 3 dəfə Bakı İstintaq Təcridxanasında olublar, lakin qardaşı ilə görüşməyə müvəffəq ola bilməyiblər.

Görüşə imkan verməmək üçün müxtəlif bəhanələr gətirilib, gah deyiblər, burda yoxdur, məhkəmədədir, gah da istintaq hərəkəti keçirildiyini bildiriblər:

“Görüşün mümkünsüzlüyünü görən Nümayəndəlik Penitensiar Xidmətə Qubad İbadoğlu ilə görüşə icazə verilməsi üçün rəsmi məktubla müraciət edib. Bu gün Nümayəndəliyin əməkdaşları ilə görüşdə Qızıl Xaçın kardioloqu bildirdi ki, qardaşımın səhhəti haqqında tam təsəvvürə malik olmaq üçün onu üzbəüz görməli, eyni zamanda tibbi rəylə yanaşı, USM və exokardioqrammanın şəkilləri ona təqdim olunmalıdır”.

Qalib Bayramov bildirir ki, qeyd olunan müayinə və analiz nəticələrini almaq üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladıqları birinci məktuba imtina cavabı gəlib, ikinci məktub, dediklərinə görə, icradadır.

“Bu gün Tibb Baş İdarəsində bu qurumun əməkdaşı Məhər adlı şəxslə görüşdüm, o məni dinlədi, idarənin rəisinə məruzə edəcəyini bildirdi. “Niyə nəticələri vermirsiniz?” sualına cavab almaq üçün saat 4-5 arası Bakı İstintaq Təcridxanasına İdarə tərəfindən kurator təyin edilmiş Elnur Məmmədovla əlaqə saxlamağı məsləhət gördü. Qardaşım təcridxanada sürətlə sağlamlığını itirir, Ədliyyə Nazirliyinin idarələri isə “ötür-ötür” oyunu oynayır”.

Qubad İbadoğlunun ailə üzlərinin ölkədən çıxış qadağasının səbəbi və ailəsinə görüşə izin verilməməsi ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. 

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Ana səhifəXəbərlərQubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub