close

Rasim Məmmədov şahidə: “Eldar Mahmudovdan sənin canını qurtaranda belə danışmırdın…”

Rasim Məmmədov. Foto: Rasim Məmmədovun yaxınlarının arxivindən

Hakimlər isveçrəli vəkillərin məhkəmədə iştirakına icazə vermədi

“Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri, 2021-ci ilin yanvarında həbs olunan Rasim Məmmədovun isveçrəli vəkilləri də var. Oktyabrın 17-də iş adamının məhkəməsində onun azərbaycanlı vəkilləri vəsatət qaldırıb ki, isveçrəli həmkarları da Rasim Məmmədovun müdafiəçisi qismində bu prosesdə iştirak edə bilsin, əcnəbi vəkillərə onunla konfidensial şəkildə görüşüb, məsləhətləşmələr aparmağa şərait yaradılsın.

Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

“Xahiş edirik, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın. Biz bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Vəkillər Kollegiyasına və başqa qurumlara müraciət etmişik. Bəzilərindən cavab gəlib, bəzilərindən yox. Xahiş edirik, bu məsələ beynəlxalq çərçivədə həllini tapana qədər məhkəmə prosesi təxirə salınsın. Eyni zamanda, Elçin Sadıqovun da bu prosesdən kənarlaşdırılmasını qanunsuz hesab edirik, onun müdafiə prosesində buraxılmasını istəyirik”, – vəkillər bildirib.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Elçin Sadıqovun bu prosesdə iştirakıyla bağlı artıq qərar qəbul edilib və dəyişmir. Əcnəbi vəkillərin prosesdə müdafiəçi kimi iştirakına gəlincə, məhkəmənin cavabı belə olub:

“Azərbaycanda yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər. Bunun üçün Azərbaycanda vəkillik fəaliyyəti həyata keçirməyə səlahiyyət verən sənəd məhkəməyə təqdim olunmalıdır”.

Azərbaycan qanunlarına görə, ölkədə yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər vəkil kimi fəaliyyət göstərə bilər.

Müdafiə tərəfinin daha bir vəsatəti isə prosesin audio-video yazısına icazə verilməsi haqda olub. Vəkil bildirib ki, bir sıra hallarda məhkəmə iclaslarında baş verənlər protokollarda əksini tapmır, yaxud da təhrif olunur:

“Prosessual Məcəllədə aydın göstərilib ki, məhkəmə iclasından sonra üç gün ərzində protokol hazırlanıb, tərəflərə tanış olmaq üçün təqdim edilməlidir. Təcrübədə isə hakimlər hökm çıxarılandan sonra verirlər protokolları. Onda da baxıb görürsən ki, nə qədər məsələlər təhrif olunub, protokolda yazılmayıb”.

Vəkillər Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıblar. Onlar Avropa Məhkəməsinin “Cəfərli Azərbaycana qarşı” qərarını yada salıblar. Həmin qərarda Avropa Məhkəməsi Natiq Cəfərlinin məhkəmədə dəmir qəfəsdə saxlanmasını təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirib.
Bu vəsatətlərə gəlincə, hakim deyib ki, eyni məsələlər məhkəmənin hazırlıq iclasında da qaldırılmışdı və o zaman münasibət bildirilib.

Daha sonra məhkəmədə şahid qismində Rasim Məmmədovun dostu və şəriki olmuş Yusif Hənifəzadə dindirilib. O, məhkəməyə gəlməmək üçün teleqram göndərmişdi ki, səhhətində problemlər var. Lakin Rasim Məmmədov və vəkilləri onun çağırılıb dindirilməsində israr edirdilər.

Məhkəmədə Yusif Hənifəzadə keçmiş dostunun əleyhinə ifadə verib. O bildirib ki, Rasim Məmmədovun “Baku Steel Company”ni alması, zavodun ona məxsus olması, əldə olunan gəlirlərdən “yuxarı” göndərilməsi barədə dedikləri həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, “Baku Steel Company”nin yaradıcısı Paolo Pərvizdən sonra bu şirkətin 50 faizi “Politon” MMC-yə, 50 faizi də iki yəhudi iş adamına satılmışdı. Yusif Hənifəzadə 10 ildən artıq “Bakcell”də satış müdiri işləyib. Deyir ki, yəhudi iş adamlarının şirkətə baş direktor təyin etdiyi David də əvvəllər “Bakcell”də onunla birlikdə işləmişdi:

“Onu bu vəzifəyə göndərəndə “Bakcell”dən təcrübəsi olan, etibarlı adamları apardı. Rasim Məmmədov günlərin birində dedi ki, yəhudilər “Baku Steel Company”dəki paylarını satışa çıxarır. Məndən xahiş etdi ki, Davidlə danışım, paylarını bizə satmaq üçün onları yola gətirsin. Mən də Davidlə danışdım”.

Yusif Hənifəzadə bildirib ki, əvvəl 25, daha sonra qalan 25 faizini də olmaqla, əcnəbi iş adamlarından paylarını alıblar. O deyir ki, alqı-satqı zamanı Rasim Məmmədov yox, özü pul qoyub.

O, zavodun qalan 50 faizinə sahib olan “Poliqon” şirkətinin kimə məxsus olması, həmin payın necə alınması barədə isə danışmaq istəməyib.

“Necə oldusa, Rasim Məmmədov zavodun Müşahidə Şurasının sədri oldu. Məni yanından uzaqlaşdırdı. Məsləhər gördü ki, Suraxanıda satılan zavodu alım. Onu aldım, indi “S-Steel” kimi fəaliyyət göstərir. 2011-ci ildə dedi ki, “Araz” kinoteatrını satırlar, şərik alaq. Demişdi ki, mənim adıma olacaq. 3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb. Pul Rasimi çox dəyişdi. Sonralar telefonlarıma cavab verməməyə başladı. Çox bədxərclik edirdi. Zavodun pullarıyla özünə xaricdə zavodlar almağa başladı, şirkətlər yaratdı. Aktauda zavod tikirdi. Buna görə zavodun maliyyəsində çətinliklər yarandı. İşçilərin maaşını, işıqpulunu verə bilmirdi. Kassada 39-40 milyon borc yaranmışdı. O, “Baku Steel Company”dən “yuxarılar” adıyla gedən pulları özünə götürüb. 2020-ci ildə bir dəfə bu adla 350 min götürdü mənim yanımda. Çıxandan sonra onu güddüm, gördüm ki, öz evinə gedir. Onda başa düşdüm ki, “yuxarı” deyəndə elə öz evini nəzərdə tuturmuş. O, axırıncı mərtəbədə yaşayır”.

Bir sıra şirkətlər var ki, onlar “Baku Steel Company”dən armatur alıb, satıblar. Rasim Məmmədova həmin şirkətlərlə bağlı da ittiham verilib ki, həmin şirkətləri yaradaraq, “Baku Steel Company”nin istehsal etdiyi məhsulları onlara bazar qiymətindən ucuz satıb. Onlar isə aldıqlarını daha baha qiymətə satıblar. Nəticədə “Baku Steel Company” ziyana düşüb. Onların arasında “Azeri Steel 2009” və başqa şirkətlərin adları çəkilir.
Rasim Məmmədov isə deyir ki, bütün dünyadada istehsal olunan məhsulların distribütor şirkətlər vasitəsilə satılması təcrübəsi var. Həm də “Azeri Steel 2009” şirkəti ona məxsus deyil:

“Birincisi, mənim şirkətim deyil. İkincisi, mən öz məhsulumu distribütor şirkətə satmışam, burada nə cinayət var?”.

Yusif Hənifəzadə isə bildirib ki, Rasim Məmmədovun distribütor kimi yaratdığı şirkətlər əslində, pul yumaq üçün idi:

“O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə “Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişəndə başqasını yaradırdı”.

Rasim Məmmədov bildirib ki, Yusif Hənifəzadə ona verilən göstərişə uyğun şəkildə yalan danışır. Onun sözlərinə görə, səbəb isə Dövlət Təhlükəsizliyi Xidmətində və Daxili İşlər Nazirliyində Hənifəzadə haqqında araşdırma aparılmasıdır:

“Ona görə də DTX ona nə deyirsə, elə danışır. Sənin özünün yanında olub haqq-hesablar, yaxşı bilirsən ki, kimə nə qədər gedib. Utanmırsan, yalan danışırsan burada? Amma Eldar Mahmudovdan sənin canını qurtaranda belə danışmırdın. İndi yalan danışıb, üzümə durursan. Çünki indi sən öz sözünü demirsən, sənə öyrədiləni deyirsən. Sənin Mübarizin (“Baku Steel Company”də maliyyə direktoru olub, ondan əvvəl isə “Bakcell”də Hənifəzadənin yanında işləyib) istintaqa flaşkart təqdim edib, orada hamısı var ki, nə qədər pul hara və kimə gedib. Xahiş edirəm, o flaşkartdakı məlumatlar burada səslənsin, ortaya çıxsın. Oradan da görünür ki, bu illər ərzində “Baku Steel Company”nin gəlirlərindən mənə cəmi 15 milyon çatıb. İndi Elçin Muradovun (işadamı) böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan…”.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 21-də davam edəcək.

Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Ana səhifəSiyasətRasim Məmmədov şahidə: “Eldar Mahmudovdan sənin canını qurtaranda belə danışmırdın…”