close

Rauf Mirqədirov: “Ermənistanın sərhədə qoşun toplaması Azərbaycan tərəfini elə də narahat etməməlidir”

Foto: Azərbaycan MN

Emil Məmmədli

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatı Ermənistan və Aİ tərəfindən rədd edilir

Azərbaycanın Müdafiə Nazirliyi martın 31-də məlumat yayaraq son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunduğunu bildirib.

Məlumatda qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, Azərbaycana qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir:

“Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.

Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi aprelin 1-i axşam saatlarında Ermənistanla bağlı növbəti açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ermənistan Azərbaycanla sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir.

Bildirilib ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Azərbaycanın iddiaları rədd edilir

Ermənistan və Avropa İttifaqının müşahidəçiləri Ermənistanın iki ölkə arasındakı sərhəd boyunca qoşun cəmləşdirdiyinə dair Bakının iddialarını rədd edib.

“Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun” yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin bu bəyanatını qətiyyətlə rədd edib.

“Azatutyun”un yazdığına görə Aİ-nin Ermənistanda yerləşdirilmiş mülki müşahidə missiyası da Ermənistanın sərhəd boyunca qoşun cəmləşdirdiyinə dair deyilənləri təkzib edib.

Ümidverici çıxışlar

Son zamanlar Ermənistan rəsmiləri Azərbaycanın qeyd-şərtsiz qaytarılmasını tələb etdiyi dörd kənd barədə ümidverici çıxışlar ediblər. Belə ki, əvvəl Baş nazir Nikol Paşinyan bu kəndlərin Azərbaycana geri verilməli olduğuna eyham vurub. Daha sonra Ermənistan mətbuatında Paşinyanın həmin kəndlərə gedərək, yerli sakinlərə oraların boşaldılmalı olduğunu deməsi barədə məlumat yayılıb.

Foto: “galatv.am”

Ölkə parlamentinin spikeri Alen Simonyan isə İctimai Televiziyada çıxış edərkən xəritə nümayiş etdirib və deyib ki, adıçəkilən dörd kənd Azərbaycan ərazisinə düşür.

Bir çoxunun sülh müqaviləsi layihəsi üzərində işlərin başa çatmaqda olduğunu gözlədiyi halda Azərbaycan Müdafiə Nazirliyinin belə bir məlumatı anlaşılmaz vəziyyət yaradıb. Bundan başqa, Bakıda “COP29” sammitinin keçiriləcəyi ildə müharibə ab-havasının olması da müsbət məqamlardan sayılmır.

“Azərbaycanla Ermənistan arasında sülh prosesi Rusiyanı narahat edir”

Meydan TV-nin məsələ ilə bağlı sualını cavablandıran İsveçrədə yaşayan siyasi icmalçı Rauf Mirqədirov deyib ki, qarşıdurma təhlükəsi həmişə var, çünki qarşıdurmanı istəyən kənar qüvvələr mövcudur və bu, Rusiyadır:

“Moskva açıq şəkildə Qərbin dəstəyi ilə aparılan sülh prosesinin qarşısını almağa çalışır. Digər tərəfdən, Rusiya Ermənistanın xarici siyasətində müşahidə edilən dəyişikliklərin də qarşısını almaq istəyir. Buna görə də ən yaxşı vasitə Azərbaycanla Ermənistan arasında növbəti münaqişə yaratmaqdır”.

Ekspert vurğulayıb ki, son dövrlərdə Moskva tərəfindən hətta Nikol Paşinyanın karyerasının bitdiyi barədə işarə vuran bəyanatlar da verilir.

Onun fikrincə, həm sülh prosesi, həm də Ermənistanın Avropa Birliyi və Qərb strukturları ilə yaxınlaşması Rusiyanı narahat edir.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Azərbaycan hakimiyyətinin bu məsələdə Rusiyanın alətinə çevrilməsini istəməzdim. Amma hakimiyyətdə bu cür düşünənlərin olduğunu da istisna etmirəm. Onlar hesab edirlər ki, imkan varkən Ermənistana daha bir zərbə vuraq”, – o deyib.

R.Mirqədirov qeyd edib ki, Ermənistanda revanşist qüvvələrin olmadığını da demək olmaz. O hesab edir ki, əslində, onları revanşist yox, “Ermənistanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən qüvvələr” adlandırmaq lazımdır.

Siyasi şərhçinin sözlərinə görə, sərhəddə qoşun toplamaq Azərbaycan tərəfini elə də narahat etməməlidir:

Rəsmi Bakı qarşılıqlı kommunikasiya kanalları vasitəsilə bu məsələni aydınlaşdıra bilər. Azərbaycan qoşunların müəyyən qədər geriyə çəkilməsi təklifinə etiraz edib və sərhəddə təhlükəsiz zona yaradılmasının əleyhinə olub. Bildirib ki, ordu sərhəddə dayanacaq. Ermənistanın da sərhəd bölgələrini möhkəmlətdiyini istisna etmirəm”.

Onun fikrincə, bunun müdafiə, yaxud təcavüzkar xarakter daşıdığını tərəflər müvafiq kanallar vasitəsilə aydınlaşdırmalıdır.

“Ermənistanın Azərbaycana qarşı real addımlar atmaq gücü yoxdur”

Hərbi ekspert Azad İsazadə isə düşünür ki, Azərbaycan sərhədlərində hansısa dövlətin qoşunlarının toplanması narahat etməsə də, diqqəti cəlb etməlidir:

“Azərbaycanın Ermənistanla diplomatik əlaqələri və sülh müqaviləsi də yoxdursa, deməli, baş verənlər narahatlıq doğurur. Amma Ermənistanın Azərbaycana qarşı real addımlar atmaq gücü yoxdur. Bununla belə, hansısa təxribatın olmayacağını da demək mümkünsüzdür. Çünki təxribatlara cavab verəndə də Azərbaycan beynəlxalq təzyiqlərə məruz qalır. Hazırda Ermənistan ordusu maksimum təxribat etməyə qadirdir. Bu isə ciddi qəbul edilməlidir”.

Azad İsazadə
Foto: Azad İsazadənin şəxsi arxivindən

Hərbi ekspert hesab edir ki, Ermənistan hökuməti sərhədə qoşun toplamaqla tədbir görməsi müqavimət göstərmək görüntüsü yaradır. O xatırladıb ki, işğal altında qalan səkkiz kəndi qaytarmaq məsələsi Ermənistanda müzakirə predmetinə çevriləndə, Baş nazir Nikol Paşinyan bildirmişdi ki, əgər əraziləri qaytarmasalar, Azərbaycan müharibəyə başlayacaq.

“Halbuki, Azərbaycan tərəfindən müharibə ilə bağlı hər hansı siqnal olmayıb. Ancaq Ermənistan hökuməti sərhədə qoşun toplamaqla tədbir görməsi, müqavimət göstərmək görüntüsü yaradır, həm də cəmiyyətə güclərinin olmadığı mesajını verərək kəndləri qaytarmağa məcbur olduqlarını altşüura təlqin edir”, – o bildirib.

Ana səhifəSiyasətRauf Mirqədirov: “Ermənistanın sərhədə qoşun toplaması Azərbaycan tərəfini elə də narahat etməməlidir”