close

Rəqabət Məcəlləsi azad iqtisadiyyata xidmət edə biləcəkmi?

Rəqabət Məcəlləsi. Foto: arxiv

Deputatlar qanunu dəstəkləyir, ekspert sovetdənqalma hesab edir

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən bəri üzərində çalışıldığı bildirilən “Rəqabət Məcəlləsi” Qanununu təsdiqləyib.

 Qanun nə üçün nəzərdə tutulub?

“Rəqabət Məcəlləsi” əslində azad iqtisadi mühitin, rəqabətli ortamın yaradılmasına xidmət göstərməlidir. Bu məcəllə üzləşdikləri qanunsuzluqlar qarşısında sahibkarın hüquq-məhkəmə sisteminə əlçatımlılığını artırmalıdır.

Bəs Azərbaycanda bu qanunun qəbulu iqtisadiyyata necə təsir edəcək?

Milli Məclisin deputatı Vahid Əhmədov deyir ki, bu, olduqca ciddi qanundur və qəbul edilməsi üçün illərlə səylər göstərilib. O düşünür ki, ilk mərhələdə “Rəqabət Məcəlləsi” haqqında qanunun qəbulu məqbuldur. İlk altı ay və bir illik zamanda iqtisadiyyata necə təsir göstərdiyi təhlil olunacaq:

“Qanunun monopoliya və inhisarçılığa qarşı rolunun olacağı gözlənilir”, – deputat bildirib. 

Vahid Əhmədov hesab edir ki, gələcəkdə bu məcəllənin işlək qanuna çevrilməsi təmin olunmalıdır. Gözləntilərin doğrulub-doğrulmayacağına gəlincə, deputat bunun qanunun icrasından asılı olduğunu deyib:

Vahid Əhmədov
Vahid Əhmədov, Foto: Meydan TV

“Qanunun icra müddətini gözləmək lazımdır. Əvvəla deyim ki, müsbət addımdır, çünki rəqabət olmayan yerdə azad ticarətdən danışmaq çətindir”.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov isə düşünür ki, bu məcəllənin qəbulu inzibati amirlik sisteminə doğru getməkdir, qanun isə Sovet dövrünün bərbad versiyasıdır:

“Təsdiq olunan “Rəqabət Məcəlləsi” iyulun 1-dən tətbiq edilməyə başlayacaq. Rəqabət orqanı kimi yenə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən olunub. Düşünürəm ki, reallıqda rəqabətin təmin olunması üzrə heç bir iş görülməyəcək. Çünki inhisarçılığın əsas hamisi elə İqtisadiyyat Nazirliyidir. ARDNŞ kimi dövlət şirkətlərindən tutmuş, yəni inhisarçıların və onların havadarlarının mütləq əksəriyyəti bu nazirliyin tabeliyindədir. Buna görə də yalnız tabeliyində olmayan dövlət şirkətlərinə və real özəl şirkətlərə qarşı tədbir görür”.

Ekspert bildirir ki, dövlət satınalmalarına nəzarəti də bu nazirlik həyata keçirir. Məlumdur ki, ölkədə əsas sifarişçi dövlətdir:

“Buna görə də inhisarçıların əsas gəlir mənbəyi, bir qayda olaraq, korrupsiya yolu ilə həyata keçirilən dövlət satınalmalarıdır. Bir sözlə, bu nazirlik və tabeliyindəki xidmət fəaliyyətində mövcud olan ciddi maraqlar konflikti əsnasında inhisarçılıqla mübarizə apara bilməz”.

Əkrəm Həsənov
Foto: Əkrəm Həsənovun şəxsi arxivindən

“Üstəlik, bu sahədə ictimai nəzarət də məhz bu nazirliyin fəaliyyəti sayəsində mümkünsüzdür. Belə ki, kommersiya hüquqi şəxslərinin reyestri və daşınmaz əmlakın reyestri də bu nazirliyin əlindədir və qapalıdır. Kimin hansı şirkətlərə, torpaq və binalara sahib olduğunu bilməyən cəmiyyət sağlam rəqabət uğrunda nazirliyin fəaliyyətinə necə qiymət verə bilər axı? Verə bilməz. Buna görə də örtülü bazar olacaq həmişəki kimi. Bu bazara burnunu soxmaq istəyənə qarşı isə nazirliyin tabeliyində digər dəyənək də var – vergi orqanı: onun yoxlamaları və hətta müvəqqəti sanksiyaları vasitəsilə istənilən sahibkarın fəaliyyətini iflic etmək olar”, – hüquqşünas deyib.

Əkrəm Həsənov düşünür ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəticəsində mikro və kiçik sahibkarlıq tədricən tam sıradan çıxacaq. Beləliklə, orta biznesin də axırına “Rəqabət Məcəlləsi” vasitəsilə İqtisadiyyat Nazirliyi çıxacaq:

“Sonda ölkədə yalnız iri biznes qalacaq. Bu biznes ya birbaşa, ya da dolayısı ilə İqtisadiyyat Nazirliyi tərəfindən idarə olunacaq. Əhali də yalnız həmin biznes qurumlarında işçi ola biləcək. İki ildən sonra əmək haqları üzrə vergi güzəşti də ləğv olunacaq və nazirlik büdcəni əlavə olaraq maaşlardan tutulacaq vergi hesabına dolduracaq”.

Əkrəm Həsənov deyir ki, bir sözlə, Azərbaycan inzibati amirlik sisteminə qayıdacaq:

“Əslində SSRİ analoqundan daha pis variant olacaq. Çünki, məsələn, SSRİ-dəki kimi dövlətin hamını işlə təmin etmək öhdəliyi olmayacaq. Axı rəsmi olaraq bazar iqtisadiyyatı, azad sahibkarlığa və s. sadiqlik bəyan olunacaq”.

İqtisadçı, deputat Vüqar Bayramov da qanunu dəstəkləyir. Deyir, “Rəqabət Məcəlləsi” ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından əhəmiyyətlidir:

Vüqar Bayramov
Foto: Meydan TV

“Ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir”.

Deputat deyir ki, yeni məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir:

“Uzun müddətdir ki, “Rəqabət Məcəlləsi”nin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də “Rəqabət Məcəlləsi”nin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq”.

Vüqar Bayramov deyir ki, bütövlükdə, “Rəqabət Məcəlləsi”nin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu, yeni dövrdə islahatların daha dərinləşəcəyindən xəbər verir.

Milli Məclisin ötən il dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Ana səhifəİqtisadiyyatRəqabət Məcəlləsi azad iqtisadiyyata xidmət edə biləcəkmi?