close

Rəşad Dağlı məhkəmədə qətldən danışdı: “Yazılmamış qanunlar da var…”

Rəşad Dağlı

“Mən cəld tərpənib bıçağı əlindən aldım, onu vurdum”

Qətldə ittiham olunan, meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov iyunun 9-da məhkəmədə ifadə verib. O, ittiham olunduğu qətlin necə baş verdiyi haqda ətraflı danışıb.

Rəşad Əmirovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş üzrə zərərçəkmiş tərəf – mərhum İsgəndər Mehdiyevin qardaşı, şahidlər dindirilib. Bir şahid qalıb ki, o da hazırda hərbi xidmətdə olduğuna görə iyunun 9-da məhkəmədə onun istintaqdakı ifadəsi elan olunub. Söhbət hadisə baş verən gecə meyxanaçının bıçaq aldığı mağazanın satıcısı işləmiş Xankişi Cəfərquliyevdən gedir.

O, istintaqa ifadəsində bildirib ki, noyabrın 8-dən 9-na keçən gecə saat 4 radələrində Rəşad Əmirov işlədiyi mağazaya gəlib, oradan siqaret və bıçaq alıb. Onun sözlərinə görə, meyxanaçıya bıçağı 45 manata, siqareti isə 6 manata satıb. Həmin vaxt Rəşad Əmirov tək olub, onların arasında bu hadisə ilə bağlı heç bir söhbət olmayıb.

Bundan sonra Rəşad Əmirov özü ifadə verib. O bildirib ki, İsgəndər Mehdiyevlə Yasamalda qonşu olublar, əvvəldən aralarında ədavət olmayıb.

Günlərin birində qardaşı ona xəbər verib ki, İsgəndər Mehdiyev zəng edib, onu axtarır. İki-üç gün sonra İsgəndər Mehdiyevə zəng edərək, onu axtarmasının səbəbini soruşub:

“Mənimlə görüşmək istədiyini dedi. Guya haqqımda xoşagəlməz söhbət var. Onunla görüşdük. Dedi ki, bir nəfər sənin haqqında şəxsiyyətinə sığışmayan şeylər danışır, onunla bu məsələni həll eləmək lazımdır. Dedim ki, özüm o adamla görüşmək istəyirəm. Dedi ki, guya o adamın nömrəsi onda yoxdur, amma özü görüşəcək onunla. Bu söhbətdən sonra telefonumu 5-6 gün söndürmüşdüm. Yandıranda bundan nə qədər SMS gəldi, hamısında da söyüş, təhqir”.

Meyxanaçının sözlərinə görə, sonradan yenidən aralarında söhbət olub. İsgəndər Mehdiyev deyib ki, həmin şəxsin 6 min manata ehtiyacı var, 3 min manatını özü həll edib, qalan 3 min manatı isə Rəşad Əmirovdan istəyib. Təqsirləndirilən şəxs deyir ki, o, etiraz edib:

“Dedim ki, necə olur, pul verməsəm o nalayiq sözlər mənə aid olur, versəm olmur? Mübahisə elədik, o adamla özüm görüşmək istədim. Dedi ki, yaxşı, gəl, sizi görüşdürəcəm. Dedi ki, “amma dolu gəl”. Yəni özünü müdafiə üçün nəsə götür. Ona görə mağazadan bıçaq aldım. Sonra gedib İsgəndəri də evlərindən götürdüm. Oradan ona görə hadisə baş verən yerə getmişdik. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcəkmiş”.

Hadisə Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında baş verib.

Meyxanaçının dediyinə görə, maşında aralarında mübahisə yaranıb, İsgəndər Mehdiyev onu təhqir edib, onu bıçaqla vurmaq istəyib:

“Mən cəld tərpənib bıçağı əlindən aldım, onu vurdum. Bir də baxdım ki, qan içindədir. Özümdə deyildim”.

O əlavə edib ki, sonradan qardaşıgilə gəlib, onunla birlikdə polis idarəsinə gedərək, təslim olib.

Məhkəmədə hakimlər ondan soruşub ki, İsgəndər Mehdiyev onu təhdid edirdisə, niyə bu haqda polisə şikayət etməmişdi? O, suala belə cavab verib:

 “Yazılmamış qanunlar da var, adam tutduran meyxanaçını kim toya çağırardı?”

O, istintaqa ifadəsində deyib ki, İsgəndər Mehdiyev üçüncü şəxsin gəlib toyda onu biabır edə biləcəyilə təhdid edirdi.

Rəşad Əmirovun məhkəməsi iyulun 7-də davam edəcək.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrilə ittiham olunur.

Ana səhifəXəbərlərRəşad Dağlı məhkəmədə qətldən danışdı: “Yazılmamış qanunlar da var…”