close

Rəsmi Bakı bir gündə iki ölkəyə nota verdi

Azərbaycanın Livandakı səfirliyinə hücum edildiyi bildirir

50 yaxın erməniəsilli şəxs Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirib.

Onlar səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endiriblər.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, aksiya iştirakçıları özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Hücum nəticəsində səfirliyin heyətinin xəsarət almadığı bildirilir.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilib.

“Hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar”, – deyə nazirlik bildirib.

Nazirlik bildirib ki, səfirliyə edilən hücumla əlaqədar Livanın Xarici İşlər Nazirliyinə nota təqdim edilib:

“Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır”.

Fransa səfiri XİN-ə çağırıldı…

XİN-in yaydığı digər bir məlumata görə, avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

“Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib”, – məlumatda qeyd olunur.

Bildirilir ki, Fransa tərəfinin bu addımları Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkənin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.

“Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir”, – XİN-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, rəsmi Bakı beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etiraz edib.

“Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, – deyə məlumatda qeyd olunur.

Fransa və Ermənistan rəhbərliyi hesab edir ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla Qarabağ ermənilərini blokadada saxlayır və ərazidə humanitar böhran yaşanır. Bu məqsdələ Fransanın paytaxtı Parisdə və bir neçə digər böyük şəhərdə Qarabağda yaşayan erməni əhali üçün humanitar yardım toplanıb.

10 yük maşınından ibarət humanitar yardım konvoyu avqustun 30-u Ermənistanın paytaxtı Yerevandan Qarabağ istiqamətində yola düşüb.

Humanitar yardım konvoyuna Paris şəhərinin meri Ann İdalqo, Fransanın digər bir neçə şəhərinin meri, habelə Fransanın seçkili orqanlarının nümayəndələri qatılıb.

“Parisin və digər icmaların rəsmiləri ilə birlikdə Ermənistandayıq. Artıq 9 aydır Artsaxda (Qarabağ) yaşayan 120 min erməni, o cümlədən 30 min uşaq təcrid olunmuş, ac və hər şeydən məhrum edilmiş vəziyyətdədir. Biz humanitar fəlakətlə üz-üzə olan insanlara təcili yardım göstəririk”, – Ann İdalqo öz “X” (keçmiş Twitter) səhifəsində yazıb.

Paris meri daha sonra Ermənistan və Azərbaycan sərhədində olduqlarını, humanitar yükün buraxılmadığını qeyd edib.

Ana səhifəXəbərlərRəsmi Bakı bir gündə iki ölkəyə nota verdi