close

Rəsmi Bakı: “Bizim faktımız var, Fransanın yoxdur”

Ceyhun Bayramov. Foto: Azərtac

Nazir baş verənlərə görə Parisi günahlandırdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paris-Bakı münasibətlərinin indiki böhran vəziyyətinə gəlməsinə görə qarşı tərəfi suçlayıb.

Bu barədə nazir dekabrın 28-də keçirdiyi brifinqdə danışıb.

O deyib ki, Azərbaycanın Fransaya qarşı atdığı addımda sübutlar var, Parisdə isə subutlar yoxdur:

Azərbaycana cavab tədbiri olaraq, heç bir konkret dəlil olmadan səfir Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Ona iki diplomatımızın Fransada “arzuolunmaz şəxs” elan olunması bildirilib. Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, buna gedə bilərdi. Amma onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirimizin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var: biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin növbəti səhvi idi”.

“İki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər. Bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu yoxdur”, – deyə nazir fikrini bitirib.

Bayramov Fransa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini: “Son 30 ildə ən aşağı nöqtədədir”, – deyə dəyərləndirib:

“Bu, bir faktdır, yeni bir şey demirəm. Münasibətlərin belə çətin duruma düşməsinin səbəbi Azərbaycan deyil. Azərbaycanın heç zaman münasibətləri gərginləşdirmək, Fransaya qarşı addımlar atmaq prioriteti olmayıb. İllər ərzində münasibətlərin inkişafı üçün böyük səylər göstərmişik. Vəziyyətin bura çatmasının əsas səbəbi Parisin Azərbaycan-Ermənistan gündəliyini Fransa-Azərbaycan münasibətlərinin ayrılmaz tərkib hissəsi etməsidir. İkinci səbəb odur ki, Fransanın mövqeyi həmişə ermənipərəst olub. Ermənistan-Azərbaycan arasında vasitəçi olarkən Fransa ermənipərəst mövqeyini uzun müddət gizlədə bilməyib. 2020-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edəndən sonra Fransa ermənipərəst mövqeyini gizlətmək iqtidarında olmayıb və bunu açıq şəkildə göstərib. Elə münasibətlərimizə də ilk zərbə o zamandan dəyməyə başladı. Sonrakı dövrdə isə bu mövqe anti-Azərbaycan mövqeyinə qədər inkişaf etdi. Yəni son zamanlar Parisin mövqeyi Yerevanı dəstəkləməklə məhdudlaşmır. Azərbaycana qarşı kampaniyanın arxasında, bəzi hallarda gizlin, bəzən isə açıq şəkildə bir çox təşəbbüslərin müəllifi Fransa olur. Elə BMT Təhlükəsizlik Şurasına yazılı müraciətlər də edib. Ona görə gələcək münasibətlərimiz Bakıdan çox Parisdən asılı olacaq. Əgər Fransa regionla və Azərbaycanla bağlı siyasətinə yenidən nəzər salarsa və dəyişikiklər edərsə, onda münasibətlər normal hal alar”.

Son iki gündə Bakı-Paris münasibətlərində gərginlik pik həddindədir.

Dekabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin 2 əməkdaşını persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

Bir gün sonra, dekabrın 27-də Fransa Xarici İşlər Nazirliyi adekvat addım atıb.

Ana səhifəSiyasətRəsmi Bakı: “Bizim faktımız var, Fransanın yoxdur”