close

Rəsmi Bakı Brüssel görüşünü faydalı və nəticəyönümlü sayır

Foto: Meydan TV

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması müstəsna əhəmiyyət kəsb edir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə İlham Əliyev və Nikol Paşinyanın görüşünü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edir.

Bu barədə nazirliyin mayın 15-də yaydığı açıqlamada bildirilir.

XİN hesab edir ki, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyətlidir.

Görüşdə Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.  Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir”, – deyə nazirlik vurğulayıb.

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edir.

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər:

Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik”.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – deyə bəyanatda vurğulanır.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi:

Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətRəsmi Bakı Brüssel görüşünü faydalı və nəticəyönümlü sayır