close

Rəsmi Bakı Mirzoyanın sülhlə bağlı dediklərini manipulyasiya adlandırdı

Foto: Azərbaycan Dövlət Televiziyası

“Ermənistan özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır

Fevralın 8-də Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Berlində səsləndirdiyi açıqlamaya reaksiya verib.

Ararat Mirzoyan fevralın 7-də demişdi ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı daha bir təklif alıb və bu mətn üzərində işləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün əvvəl təqdim edildiyini bildirib.

Onun sözlərinə görə, Mirzoyanın bəyanatından görünür ki, Yerevan sülh sazişi üzrə danışıqlar prosesində yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır:

“Məhz Ermənistan sülh sazişi üzrə razılaşdırılmış gedişatını pozaraq, 2022-ci ilin dekabrında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, – deyə Hacızadə fikrini yekunlaşdırıb.

Ararat Mirzoyan dünən Berlində almaniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ilə görüşməli olduğunu xatırlatmışdı. Ancaq o təkliflərin detallarından danışmamışdı.

Eləcə də Ayxan Hacızadə Bakının hansı təkliflər təqdim etdiyinə toxunmayıb.

2022-ci ilin mayında Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlaması üçün 5 bənddən ibarət təklifinə, özünün 6 şərti ilə cavab vermişdi.

Cavab bəndlərdə göstərilirdi ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiası olmayıb və yoxdur.

Xatırladılırdı ki, hər iki respublika 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması üçün razılaşmaya qol çəkərkən biri-birinin ərazi bütövlüyünü tanıyıb.

Bundan başqa, erməni tərəfi qeyd etmişdi ki, onlar üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prioritetdir.

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov isə bu 6 bəndi təklif yox, Azərbaycanın təkliflərinə reaksiya kimi qiymətləndirmişdi.

“Sənədə baxarkən görünür ki, bunlar təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”, – Ceyhun Bayramov jurnalistlərlə söhbətində deyib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətRəsmi Bakı Mirzoyanın sülhlə bağlı dediklərini manipulyasiya adlandırdı