close

Rəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb

Söyüdlü, 20 iyun. Foto: Meydan TV

“Bu, ətraf mühit və insan sağlamlığı üçün təhlükə olmasa da, risklidir”

Gədəbəyin Söyüdlü kəndindəki istehsal və yaşayış sahələrində yeraltı suların, torpağın monitorinqi aparılıb. Zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianid aşkarlanıb.

Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün yaradılan komissiyanın açıqlamasında belə deyilir.

Həmin məlumatda bildirilir ki, nümunələrin təhlili zamanı su obyektlərində və torpaqda bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

“Bu, ətraf mühit və insan sağlamlığı üçün təhlükə olmasa da, risklidir”.

Araşdırmanı dağ-mədən sektorunda beynəlxalq təcrübəyə malik Böyük Britaniyanın “Micon” International Co Limited Şirkəti həyata keçirib. Şirkət torpaq və su nümunələrini Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivindən, Gədəbəy və Mis çaylarından götürüb.

Məlumatda qeyd edilir ki, müvafiq tövsiyə və tapşırıqlara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanacaq. Bu, aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyəti mərhələli şəkildə bərpa oluna bilər.

İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib. Həmin vaxt 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu açıqlanıb.

Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.

Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.

İyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan  keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Nazim Bəydəmirli və vəkilləri onun iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunduğunu düşünür, eks deputat özünü “ekologiya məhbusu” sayır.

Rəsmi açıqlamada isə bildirilir ki, o, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Ana səhifəSosialRəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb