close

Rəsmi Yerevan Bakının COP29-dan sonra təcavüzə başlayacağını ehtimal edir

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Azərbaycan XİN iddianı rədd edir və Ermənistanın addımlarını manipulyasiya sayır

Yerevan Bakının Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığa reaksiyasını müəmmalı adlandırıb.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) iyunun 19-da yaydığı bəyanatda qeyd olunur.

Ermənistan Xarici İşlər Nazirliyi hesab edir ki, hər bir ölkənin döyüşə hazır və müasir hərbi texnika ilə təchiz edilmiş orduya sahib olmaq hüququ var.

İyunun 18-də Fransa ilə Ermənistan arasında “CAESAR” özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” (Twitter) sosial şəbəkəsində məlumat paylaşmışdı.

Azərbaycan Müdafiə Nazirliyi elə dünən yaydığı açıqlamada rəsmi Parisi Cənubi Qafqazda militarizasiya və geosiyasi intriqa siyasəti yürütməkdə ittiham etdi:

Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq”.

Ermənistan XİN bugünkü bəyanatında bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını qeyd edib:

Ermənistan bu prinsipə sadiqdir və özünün beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratmetr ərazisindən kənarda heç bir ambisiyaya malik deyil. Ermənistan bu yanaşmanı Tavuş və Qazax rayonlarında sərhədin demarkasiyası təşəbbüsü ilə təcrübədə sübut edib. Biz Azərbaycanı Ermənistanın 30-dan çox kəndində həyati əhəmiyyətli ərazilərin işğalına son qoymağa çağırırıq”.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

Bəyanatda iddia olunur ki, Azərbaycan COP29-dan sonra Ermənistanla sülh sazişinin imzalanması prosesini pozmaq üçün əlindən gələni edəcək və Ermənistana qarşı yeni təcavüzə başlayacaq:

“Biz beynəlxalq ictimaiyyətin diqqətini buna, eləcə də rəsmi Yerevanın bir ay ərzində sülh müqaviləsi bağlamaq təklifinin rəsmi Bakı tərəfindən cavabsız qalmasına yönəldirik”.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nin bəyanatında deyilənləri rədd edib.

Nazirliyin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır:

1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet dövrü xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı. Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur. Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir”.

МИД Азербайджана
Foto: Arxiv

Hacızadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş ərazi iddialarına son qoyulmasıdır:

Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətRəsmi Yerevan Bakının COP29-dan sonra təcavüzə başlayacağını ehtimal edir