close

Rusiya Ermənistanı KTMT ilə bağlı müzakirəyə çağırır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). Foto: “odkb-csto.org”

Aleksandr Pankin: “Təəssüf ki, erməni müttəfiqlərimiz uzaqlaşıblar”

Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) işlərin vəziyyətini müzakirə etməyə çağırır.

Bu çağırışı fevralın 8-də Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin yerli mediaya müsahibəsində bildirib.

“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz, həqiqətən, uzaqlaşıblar”, – deyə nazir müavini vurğulayıb.

Diplomat Yerevanı müzakirələrə çağırıb:

Biz Yerevandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq”.

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamamışdı.

2023-cü ilin martında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından da imtina etmişdi.

Yanvarın əvvəlində Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

2023-cü ilin noyabrında isə Yerevan Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinin gündəliyindən çıxarılmasını xahiş etmişdi.

1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ana səhifəSiyasətRusiya Ermənistanı KTMT ilə bağlı müzakirəyə çağırır