Avropa İttifaqı Rusiyaya qarşı sanksiyanı daha da sərtləşdirir
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibəyə görə 14-cü əhatəli sanksiya paketini hazırlayır. Yeni sanksiyalar enerji tədbirlərini daha da sərtləşdirməyi nəzərdə tutub.
Sanksiya paketinin yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Paketlə bağlı yayımlanmış press-relizdə bildirilir ki, Aİ Putin rejiminə və onun Ukraynaya qarşı qeyri-qanuni, əsassız və təcavüzkar müharibəsini davam etdirənlərə növbəti zərbə vuran iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərin 14-cü paketini qəbul edib.
Məlumatda bildirilir ki, Aİ 116 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar elan edib.
Ümumilikdə yeni sanksiyada tədbirlər enerji, maliyyə və ticarət kimi Rusiya iqtisadiyyatının yüksək dəyərli sektorlarını hədəf alıb. Aİ getdikcə qoyduğu sanksiyalardan yan keçməyi çətinləşdirmək niyyətindədir.
“Bizim sanksiyalarımız artıq Rusiya iqtisadiyyatını xeyli zəiflətdi və Putinin Ukraynanı məhv etmək planlarını həyata keçirməsinə mane oldu. Baxmayaraq ki, o, hələ də mülki əhalini və mülki infrastrukturu hədəf alan qeyri-qanuni təcavüzü davam etdirir”.
Açıqlamada bildirilir ki, 14-cü sanksiya paketi Ukraynanı dəstəkləməkdə və Rusiyanın ukraynalılara qarşı cinayətkar fəaliyyətlərini, o cümlədən Aİ tədbirlərindən yayınma səylərini məhdudlaşdırmaq birliyini nümayiş etdirir.
14-cü sanksiya paketinin vacib bəndlərindən biri Rusiyanın istehsal etdiyi maye qazı ilə bağlıdır. Belə ki, bundan sonra Rusiya maye qazının Avropa limanları vasitəsilə daşınması qadağan olunacaq.
Həmçinin sanksiya siyahısına Rusiyanın “kölgə donanmasına” aid 27 tanker daxil edilib. Bildirilir ki, həmin tankerlərdən silah və oğurlanmış Ukrayna taxılının daşınması üçün istifadə olunur.
Eyni zamanda, daha öncə açıqlanan məlumatda bildirilib ki, siyahıya fiziki şəxslərdən müğənni Polina Qaqarinanın, biznesmenlər İqor Altuşkin, Roman Trotsenko və Taymuraz Bolloyevin adları salınıb.
61 şəxs və şirkətin siyahıya onların Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstəyinə görə daxil edildiyi bildirilir.
Burada söhbət həm də Çin, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərindən gedir.
Şura, məhdudlaşdırıcı tədbirlərin təsirini neytrallaşdırmaq üçün Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış ixtisaslaşmış maliyyə mesajlaşma xidməti olan “Maliyyə Mesajlarının Köçürmə Sistemi”nin (SPFS) istifadəsini qadağan etmək qərarına gəlib. Rusiyadan kənarda fəaliyyət göstərən Aİ qurumlarının SPFS və ya ekvivalent ixtisaslaşmış maliyyə mesajlaşma xidmətlərinə qoşulması mümkün olmayacaq.
Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən xüsusi siyahıya alınmış qurumlarla əməliyyatlar etmək qadağan ediləcək.
Yeni sanksiya paketində sanksiyalardan yan keçmə ilə bağlı tədbirlər də var. Həmin tədbirlərə görə, ikili təyinatlı malların üçüncü ölkələrə göndərilməsinə sərt nəzarət tətbiq olunacaq.
Bundan sonra Aİ şirkətləri nəzarət etməlidirlər ki, onların üçünü ölkələrdəki törəmə şirkətlərindən sanksiyalardan yan keçilməsi üçün istifadə olunmasın.
Yeni sanksiyalar habelə Avropa İttifaqındakı siyasi partiyalara, media qurumlarına və QHT-lərə Rusiya dövlətindən və ya ona bağlı qurumlardan qrantların alınmasını qadağan edir.
Həmçinin yeni sanksiyalar Aİ aviasiya şirkətlərinə Rusiya vətəndaşları və təşkilatları ilə çarter və şəxsi reyslərin təşkilinə dair müqavilə bağlanmasını qadağan edir.