close

Rusiyada ordu barədə yalan məlumat yayanların əmlakı müsadirə olunacaq

Rusiya Dövlət Duması, Mənbə: Ultraskrip/shutterstock

Dövlət Dumasının qəbul etdiyi qanunda fəxri adların da geri alınması əksini tapıb

Rusiyada ordu haqqında yalan məlumat yayanların fəxri adları alınacaq, əmlakları müsadirə olunacaq.

Dövlət Duması bununla bağlı qanun qəbul edib.

Dəyişikliyə əsasən, ordu və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş ictimai çağırış edənlərin və ya yalan məlumat yayanların əmlakları müsadirə olunacaq.

Sənəd yanvarın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi deputatlar qrupu tərəfindən təqdim edilib və yanvarın 31-də ikinci oxunuşda qəbul olunub.

“Ölkəmiz və vətəndaşlarımız bu insanların rahat yaşaması, fəxri adlar, mükafatlar, mülklər alması üçün hər şeyi edib. Onlar isə bu vəsaitdən, əmlakdan vətənə xəyanət, əsgər və zabitlərə şər-böhtan atmaq üçün istifadə edirlər. Bu, bütün ölkələrdə olur və satqınlarla daha sərt davranırlar. Bizdə isə ikinci və ya üçüncü vətəndaşlıq alırlar. Eyni zamanda da, gəlir mənbələrindən ölkəmizə ziyan və zərbə vurmaq üçün istifadə edirlər”, – Dövlət Dumasının sədri bildirib.

Dumanın dövlət quruculuğu və qanunvericilik komitəsinin sədrinin birinci müavini İrina Pankina öz növbəsində qeyd edib ki, müsadirə cəza növü deyil, cinayət-hüquqi xarakterli tədbirdir.

Bu müsadirənin sovet variantından fərqləndirən cəhəti cinayət fəaliyyətinin maliyyələşdirilməsinə yönəlməsi ilə əlaqədardır. Yalnız bu və ya digər cinayətlə birbaşa əlaqəsi olanların əmlakı müsadirə ediləcək”, – deputat plenar iclasda izahat verib.

Rusiyanın  Cinayət Məcəlləsinin 104.1-ci (əmlakın müsadirəsi) maddəsinə edilən dəyişiklikdən sonra ordu haqqında bilərəkdən yalan məlumat yayaraq gözdən salanlar, ekstremist fəaliyyətə ictimai çağırış edənlər, ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərə ictimai çağırışlar edənlər, Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının qərarlarının icrasına kömək göstərənlər qanun qarşısında cavab verməli olacaqlar.

Əmlakın müsadirəsi ilə yanaşı, hərbi və ya fəxri addan, sinif rütbəsindən, dövlət mükafatlarından məhrumetmə də nəzərdə tutulub.

Ana səhifəXəbərlərRusiyada ordu barədə yalan məlumat yayanların əmlakı müsadirə olunacaq