close

“Rusiya qeyri-legitim rejimləri təhdid altında saxlayır ki, ondan bərk yapışsınlar”

Rusiya. Foto: patrice6000/shutterstock

Ərəstun Oruclu Bortnikovun iddialarını “xof” adlandırdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov ABŞ və onun müttəfiqlərinin MDB ölkələrində vəziyyəti pozmaq və mövcud inteqrasiya formatlarını məhv etmək üçün genişmiqyaslı səylərə başladıqlarını iddia edib.

Bortnikov bu barədə oktyabrın 11-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (SORB) iclasında danışıb:

Bizim əvvəlki görüşümüzdən sonra beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib ki, bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına gətirib çıxarıb”.

ABŞ və onun müttəfiqləri Birlik ölkələrində vəziyyətin sarsıdılması və arzuolunmaz dövlətlərə sanksiya təzyiqinin göstərilməsi, loqistika marşrutlarının bağlanması və yeni nəqliyyat dəhlizlərinin yaradılması, bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrinin artması istiqamətində genişmiqyaslı iş aparır”, – deyə Bortnikov əlavə edib.

Onun sözlərinə görə, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına etinasız yanaşır.

Bununla yanaşı, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vuraraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır:

Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara cəlb etməyə yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir. Əsas hədəflər arasında Avrasiya məkanında inteqrasiya layihələridir, söhbət MDB-dən, KTMT və Şanxay Əməkdaşlıq Təşkilatından gedir”.

Foto: DTX

Bortnikov həmçinin bildirib ki, Qərbin zərbə üsulları arasında qeyri-hökumət təşkilatları və media əsas rol oynayır:

Məqsəd siyasi böhranlar və rəngli inqilab ssenariləri üçün ilkin şərait yaradan etnik və dini ədavəti qızışdırmaq, ekstremist və terrorçu qruplar üçün “qidalı mühitə” çevrilən gənclərin və cəmiyyətin digər ən həssas təbəqələrinin radikallaşması zorakılığı və saxta dəyərləri təbliğ edən subkulturalara cəlb olunmasına dəstək verməkdir“.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu isə əksinə düşünür.

O Meydan TV-yə deyib ki, ABŞ və müttəfiqlərinin belə bir planı yoxdur:

Vaşinqtonun yeganə planı müttəfiqlərini qorumaqdır. Xüsusən də Ukraynanın müdafiəsi Qərb üşün prioritetdir. Mən Qərbin “mələk” olduğunu iddia etmirəm. Amma Qərb hansısa addım atanda, yəni hansısa ölkədə qeyri-sabitlik yaratmaq istəyəndə “yumşaq güc”dən istifadə edir. Bu da vətəndaş cəmiyyəti institutları, kəşfiyyatı, müxtəlif media resurslarını əhatə edir. Hətta Gürcüstan başda olmaqda, postsovet ölkələrində bunların heç biri yoxdur. Artıq Tbilisidə də USAİD-ın təlim keçirməyə gələn nümayəndələrini qovurlar. Belə olanda Qərb nə ilə sabitliyi pozacaq?”.

Ə.Oruclu hesab edir ki, Bortnikovun çıxışı xofdan başqa bir şey deyil:

Siyasi şərhçi Ərəstun Oruclu
Mənbə: AFU

Rusiya bununla çalışır ki, qeyri-legitim rejimləri təhdid altında saxlasın və onlar da Moskvadan bərk yapışsınlar. Yəni mesaj verirlər ki, Kreml olmasa, hamınızı hakimiyyətdən kənarlaşdıracaqlar. Məhz buna görə də Rusiyanın təhlükəsizlik orqanlarının 3 böyük adamı – Patruşev, Bortnikov və Narışkin Bakıya gəliblər ki, burdakıları məlumatlandırsınlar. Bəlkə də, Ermənistan xaric qalan digər postsovet ölkələrinin prokurorluq, təhükəsizlik, daxili işlər orqanlarının hamısı Rusiya “çətiri” altında fəaliyyət göstərirlər. Onlar bu qurumları təlimatlandırmağa gəliblər”.

Ekspert deyir ki, əsas səbəblərdən biri də Yaxın Şərqdə baş verən təxribatla bağlıdır:

“Belə görünür ki, bu gün Azərbaycan Rusiya üçün əvvəlki illərdən dəfələrlə əhəmiyyət kəsb edir. Çünki Yaxın Şərqə çıxış Azərbaycan üzərindəndir. Məhz ona görə Bakıda toplaşıb müttəfiqlərini təlimatlandırırlar. Düşünmürəm ki, Rusiya bu müttəfiqlərinin köməyi ilə özünü qoruya biləcək”.

“Məsələ ondadır ki, Rusiyanı Ukraynaya qarşı təxribata sövq edən yox idi, yaxud İsrailə qarşı da… Artıq İsrail hadisələrinin pərdəarxası tərəflərə aşkarlanır, oradan da Rusiya çıxır. Bunu israilli ekspertlər də deyir”, – Oruclu belə qeyd edib.

Ana səhifəSiyasət“Rusiya qeyri-legitim rejimləri təhdid altında saxlayır ki, ondan bərk yapışsınlar”