close

Rusiya-Ukrayna müharibəsinin bir ili: kim uduzdu, kim uddu?..

Ukrayna. Foto: Meydan TV

Qərb və Rusiya bir-birini gühanlandırır

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin üstündən bir il keçir.

Hər iki tərəfdən 250 mindən çox insanın öldüyü, milyonlarla insanın evsiz qaldığı, ölkəsini tərk etdiyi, şəhərlərin, kəndlərin dağıldığı bu müharibə necə başladı və hadisələr necə cərəyan etdi?

Müharibəyə doğru

2022-ci ilin əvvəli, müharibə başlamadan öncə Rusiya Dövlət Duması Ukraynanın şərqində separatçıların nəzarətində olan iki bölgənin müstəqiliyinin tanınması üçün Putinə müraciət etdi.

Rusiya hərbçiləri Ukrayna sərhədlərində

Fevralın əvvəllərində Rusiya Ukrayna ilə sərhədə qoşun toplamağa başladı. Beləliklə, Rusiyanın 100 minə yaxın hərbçisi Ukrayna sərhədlərində toplandı.

İlk atəş səsləri

Fevralın 17-də ilk dəfə Ukraynanın şərqində atəşkəs pozuldu.

Rusiyanın dəstəklədiyi üsyançılar və Ukrayna qüvvələri atəşkəsin pozulmasında bir-birini günahlandırdı.

Rusiya Ukraynanı təxribatda suçladı

Bundan 4 gün sonra, fevralın 21-də Rusiya sərhədi pozmağa cəhd edən 5 nəfərin öldürüldüyünü açıqladı. Bildirdilər ki, guya rus qoşunları və sərhədçiləri “Ukrayna təxribatçılarının” ortaq sərhədlərini pozmasının qarşısını alıblar.

Xəbərdə  Rusiyanın Rostov vilayətində Ukraynaya məxsus silahlı maşınlar məhv edildiyi bildirilirdi.

Tanınmayan respublikaların Putinə müraciəti

Elə həmin gün (fevralın 21-də) Donbasdakı qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”-in (Luqansk Xalq Respublikası) liderləri ərazilərinin müstəqilliyinin tanınması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət etdi.

Respublikaların müstəqilliyi tanındı

Bu hadisədən bir gün sonra Rusiya Prezidenti Vladimir Putin televiziya ilə yayımlanan çıxışında qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqilliyini tanıdığını açıqladı.

Sərhəddən ölü və yaralı xəbərləri

Ukraynanın Müdafiə Nazirliyi fevralın 22-i səhər saatlarına gecə ərzində iki Ukrayna əsgərinin öldürüldüyünü, atəşə məruz qalan daha 12 əsgərin isə yaralandığını açıqladı.

Nazirlik qeyd edirdi ki, Ukraynada son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən 84 pozuntu qeydə alınıb.

Onlardan 64-də Minsk razılaşmasında qadağan edilən silahlardan istifadə edilib.

Ölkələr vətəndaşlarını geri çağırmağa başladı

Sonrakı proseslərdə müxtəlif ölkələr öz vətəndaşlarına müraciət edərək onlardan Ukrayna ərazilərini tərk etmələrini istədi. Ardınca Rusiyaya Aİ ölkələrindən sanksiyalar gəlməyə başladı. Məsələn, Almaniya kansleri Olaf Şolz Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi səbəbindən “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırdıqlarını elan etdi.

Müharibə başladı

Fevralın 24-də səhər saatlarında rəsmi Kiyev Rusiyanın Ukraynaya raket zərbələri endirdiyini və yüzlərlə ukraynalının həlak olduğunu açıqladı. Bununla da bir ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi başladı.

Təyyarə reysləri dayandı, səfirliklər bağlandı

Fevralın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət elan etdi. Həmin gündən müxtəlif istiqamətlərdən Kiyevə uçuşlar dayandı. Bir sıra ölkələr bu ölkədəki səfirliklərini qapatmağa başladı.

Sanksiyalar

Bundan sonra ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar elan etdi. Sanksiyalar içinə Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsinin kəsilməsi də daxil edildi. Habelə Rusiyanın ABŞ texnologiyaları idxalına yarıbayarı qadağa qoyuldu.

Daha sonra Britaniya Rusiyanın milli aviadaşıyıcısı olan “Aeroflot”un hava məkanına girişini qadağan etdi. Ardınca Rusiyanın SWIFT-dən uzaqlaşdırılması qərarı verildi. Həmçinin Rusiya dünya miqyasında müxtəlif müsabiqələrdən də kənarlaşdırıldı.

Daha sonra Rusiyaya Aİ ölkələrindən maliyyə sanksiyaları gəlməyə başladı.

Yeni sanksiyalar neft, bank və maliyyə sektorlarında fəaliyyət göstərən oliqarxlar və iş adamları, o cümlədən hökumət üzvləri, yüksək səviyyəli hərbçilər, Ukrayna əleyhinə təbliğatın yayılmasına və Ukraynanın işğalına müsbət münasibətin təşviqinə töhfə verən təbliğatçılar daxil edildi.

ABŞ Rusiyanın üzünə hava məkanını qapatdı. Sonrakı addımlar müxtəlif ölkələrdəki rusiyalı oliqarxların mülklərinin müsadirəsi oldu. Gələcəkdə sanksiyalar Prezident Vladimir Putinədək gedəcək, neft-qaz alışından tutmuş, bank köçürmələrinin əngəllənməsinədək uzanacaqdı.

Aksiyalar

Müharibənin ikinci günündən başlayaraq müxtəlif ölkələrin böyük şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilməyə başladı. Minlərlə insan müydanlara toplanaraq Rusiyanın Ukraynaya haqsız hücumunu pisləyirdi.

Rusiya müstəqil medianı ölkəsində blokladı

Rusiyanın başqa bir ölkənin ərazisini işğal etdiyi gerçəyini, bir sözlə, baş verənlər barədə məlumat verən müstəqil media Rusiya ərazisində bloklanmağa başlandı. İlk növbədə “Dojd” telekanalı və “Exo Moskvı”ya giriş əngəlləndi.

Müharibə cinayətləri

Növbəti mərhələdə beynəlxalq təşkilatların Ukraynada müharibə cinayətləri törədildiyi ilə bağlı hesabatları yayımlanmağa başladı və Buçada mülki əhali kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı beynəlxalq mediada görüntülər yayıldı.

Beynəlxalq şirkətlər Rusiyanı tərk etdi

Növbəti mərhələdə mebel, avtomobil satışından tutmuş, kofeyədək müxtəlif sahələri əhatələyən şirkətlər Rusiyanı tərk etməyə başladı. Rusiya bazarında xaotik vəziyyətin yaranması ilə bağlı açıqlamalar yayıldı.

Ukraynalılar və rusiyalılar ölkələrini tərk etməyə başladı

Müharibədən qaçan ukraynalılar daha çox Aİ ölkələrinə, Rusiya vətəndaşları isə qonşu ölkələrə, xüsusən Ermənistan, Gürcüstan, Qazaxıstan, az sayda insan isə Azərbaycana üz tutmağa başladı.

Məlumata görə, ölkədən çıxan rusiyalıların çoxu komputer texnologiyaları sahəsində çalışanlar olub.

Avropanın dərdi

Avropa Birliyi ölkələri də bu arada alternativ enerjiyə yatırımlarını artırdılar, bu sahənin inkişafını sürətləndirdilər. Çünki Aİ ölkələrinin enerji tələbatının böyük hissəsi Rusiya hesabına təmin edilirdi.

Rusiyadan sanksiyalar

Elə Aİ ölkələrinin sanksiyalarına qarşı Rusiyanın da bu ölkələrə müxtəlif bəhanələrlə neft-qaz satışı kəskin azaldıldı. Əvvəlcə kəsintilərə məruz qaldı, təmir adı ilə tez-tez boru kəmərlərində problemlər yarandı, daha sonra isə kəskin azaldıldı.

Dünyada bahalıq

Rusiya-Ukrayna müharibəsi dünyada neft-qaz, enerji qiymətlərinin artmasına səbəb oldu. Həmçinin BMT-nin müdaxiləsinədək dünya taxıl bazarında qıtlıq da yaşandı. Daha sonra Ukraynanın limanlarından razılıqla taxıl idxalı gerçəkləşəcəkdi.

Səfərbərlik

Müharibənin növbəti mərhələsində Vladimir Putin səfərbərlik elan etdi. Bu, Rusiyadan ikinci köç dalğasının qarşısını açdı. Bu dəfə daha çox insan, xüsusən də kişilər Rusiyadan çıxdı, hətta müxtəlif istiqamətlərdə təyyarə biletləri tapmaq mümkün deyildi. Bunlar, Türkiyə, Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Gürcüstana olan uçuşlar idi.

İtkilər

İtkilərlə bağlı məlumat ən son ötən ilin sonu açıqlanıb. Ukrayna 10 mindən çox əsgəririnin həlak olduğunu bildirib.

Ukrayna Prezidentinin baş müşaviri ölkəsinin Rusiyanın işğalına qarşı doqquz aylıq mübarizədə 10-13 min Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.

Rusiya isə 6 minədək əsgərinin öldüyünü bildirib.

ABŞ Birgə Qərargahlarının başçısı general Mark Milli (Mark Milley) isə ötən il noyabrın 9-da deyib ki, Ukrayna-Rusiya müharibəsində indiyədək 100 minədək rusiyalı və 100 minədək ukraynalı əsgər öldürülüb, ya da yaralanıb.

Bu gün

Bu gün müharibənin gündəmi ildönümüdür. İldönümü ərəfəsində ABŞ Prezidenti Co Bayden Kiyevi ziyarət etdi.

Bayden Polşada çıxış edərək Putinin işğal planının pozulduğunu bəyan etdi və Ukraynaya bundan sonra da dəstək verəcəklərini açıqladı.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin açıqlama yayaraq, müharibədə Qərbi və Ukraynanı günahlandırdı və bu prosesin hələ uzun çəkəcəyini söylədi.

Rusiya-Ukrayna müharibəsi nələrə səbəb oldu?

– Ukrayna ərazilər itirdi,

– Müharibədə minlərlə insan həyatını, milyonlarla insan evini itirdi,

– Bir o qədər insan ölkəsini tərk etmək məcburiyyətində qaldı,

– Onlarla şəhər və kənd dağıdıldı, bir çox yaşayış məskənləri ümumiyyətlə yer üzündən silindi,

– Enerji və nəqaliyyat resursları, infrasturkturu sıradan çıxarıldı,

– Avropa enerji böhranı ilə üz-üzə qaldı, enerji qiymətləri kəskin bahalaşdı,

– Dünya qlobal taxıl böhranı ilə üzləşdi, çörəyin və un məmulatlarının qiymətləri artdı.

– Dünyanın bir çox ölkələrində kəskin inflyasiya, bahalaşma qeydə alındı.

– Rusiya milyardlarla vəsait itirdi, ölkədə defolt elan edildi.

– Rusiya iqtisadiyyatı sanksiyalar nəticəsində böhranla baş-başa qaldı.

Ana səhifəXəbərlərRusiya-Ukrayna müharibəsinin bir ili: kim uduzdu, kim uddu?..