close

Rusiya valyutası yenə zəiflədi – bir dollar 100 rublu keçdi

shutterstock.com/Natali55522

Kremllə Mərkəzi Bank arasında mübahisə yarandığı bildirilir

Rusiya rublu dollar qarşısında növbəti dəfə zəifləyib. Bir dollar yüz rubl həddini keçib – 100.255 olub.

“Bloomberg” yazır ki, siyasətçilərin səyləri bu valyutanın ucuzlaşmasının qarşısını ala bilməyib. Hazırda rubl dollar qarşısında Rusiya istehlakçıları və hökumət üçün mühüm psixoloji həddi keçib.

Oktyabrın 3-də Rusiya valyutasının dollar qarşısında itirdiyi dəyər 0,5 faiz olub. Bu, avqustdan sonra ən yüksək düşüş hesab edilir.

Rublu gücləndirmək üçün mümkün kapitala nəzarət tədbirləri haqqında şiddətli müzakirələr getdiyi, Kremllə Mərkəzi Bank arasında mübahisə yarandığı bildirilir.

Rusiyanın yüksək səviyyəli rəsmiləri arasında da rublun enişini necə dayandırmaq barədə fikir ayrılığı olduğu barədə məlumatlar var.

Rusiya Bankının rəhbəri Elvira Nabiullina valyuta məzənnəsini dəstəkləmək üçün inzibati tədbirlərdən istifadə edilməməsi barədə xəbərdarlıq edib. Deyib ki, bunun əvəzinə pul siyasətinə arxalanmaq lazımdır.

Valyuta ilə bağlı avqustda keçirilən fövqəladə iclasda Mərkəzi Bank rublun dollar qarşısında 100-ü keçməsindən sonra əsas faiz dərəcəsini 8,5 faizdən 12 faizədək qaldırmışdı. Sentyabrda faiz dərəcəsi bir az da artaraq – 13 faiz olmuşdu.

Rusiya iqtisadiyyatı müharibə ilə bağlı beynəlxalq sanksiyalar altındadır. Lakin son zamanlar idxalı bərpa etmişdi. Bu, iqtisadiyyatın durumunu düzəltmək üçün atılmış addım idi, lakin bununla yanaşı Rusiyada valyutaya tələb artırdı, nəticədə rublda eniş yaşandı.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayandan rublun məzənnəsində enişlər-qalxışlar yaşanır. Ötən ilin martında dollara qarşı məzənnə rekord 120-yə düşmüşdü.

İxracın azalması, Qərbin sanksiyaları rublu zəiflədir. Rusiyanın müsbət saldosu bu ilin yanvar-avqust aylarında 86 faiz azalaraq 25.6 milyard dollara düşüb.

Bütün bunların fonunda Rusiya Maliyyə Nazirliyi kapitala daha sərt nəzarətin tərəfdarıdır, lakin Rusiya Mərkəzi Bankının müqaviməti qarşısında geri çəkilməyə məcbur qalıb.

Ana səhifəİqtisadiyyatRusiya valyutası yenə zəiflədi – bir dollar 100 rublu keçdi