close

Rusiya Xarkovun 5 kəndini nəzarətə götürdüyünü deyir

Ukrayna, foto: reuters

Ukrayna yaşayış məntəqələrinin ələ keçirilməsi ilə bağlı açıqlama verməyib

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində beş kəndin – Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Sterelçyanı nəzarətə götürdüyünü bildirib.

Bundan əvvəl Ukrayna hərbçiləri rus qoşunlarının Xarkov vilayətini artilleriya atəşinə tutmaqda davam etdiyini təsdiqləsələr də, bu yaşayış məntəqələrinin ələ keçirilməsi ilə bağlı açıqlama verməyiblər.

Ukrayna Müdafiə Nazirliyi mayın 10-da Rusiya qoşunlarının Xarkov vilayətinin şimalında müdafiə xəttini yarmağa cəhd etdiyini açıqlamışdı.

Xarkov vilayətinin başçısı Oleq Sinequbovun sözlərinə görə, son 24 saat ərzində Xarkov vilayətinin rayonlarından 2 minə yaxın sakin təxliyə edilib.

“Hazırda Çuqevski rayonundan 1048, Xarkovski rayonundan 440, Boqoduxovski rayonundan 12 yerli sakin və 275 nəfər könüllülər tərəfindən təxliyə edilib. Ümumilikdə 1775 nəfər təxliyə edilib”, – Sinequbov bildirib.

“Donetskə endirilən zərbələr nəticəsində isə 3 nəfər həlak olub”, -özünü DXR-in rəhbəri elan etmiş Denis Puşilin bildirib.

Onun sözlərinə görə, Donetskin Kirovski rayonunda yerləşən “Paradise” restoranı atəşə tutulub.

Yerli “Telegram” kanallarının məlumatına görə, özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının onuncu ildönümü şərəfinə restoranın yaxınlığında Rusiya bayraqları ilə avtomobil yürüşü keçirilməli idi.

Düz 10 il əvvəl Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsində qondarma DXR və LXR-in “müstəqillik referendumları” keçirilib.

Kursk və Belqorod vilayətlərinin qubernatorlarının verdiyi məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub.

Kursk vilayətində pilotsuz təyyarənin hücumundan sonra Sudja şəhərinin sakini aldığı yaralardan ölüb. Belqorod vilayətində Qrayvoronski rayonunun Novostroevka-Pervaya kəndinin sakini ölüb.

Ümumilikdə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, son 24 saat ərzində Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hava hücumları nəticəsində 8 nəfər xəsarət alıb.

Şənbə günü səhər Rusiya ordusu üç bölgəyə hava hücumunu dəf etdiyini bildirib. Şənbə günü gecə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Belqorod vilayəti üzərində 21 “Vampir” raketi, həmçinin 9 pilotsuz təyyarə vurulub.

Açıqlamaya görə, daha 7 pilotsuz təyyarə Kursk və Volqoqrad vilayətlərində ələ keçirilib.

Ukraynanın paytaxtı Kiyevdə də vəziyyət gərgindir. Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə terror aktlarının qarşısını aldığını bildirib. Ukrayna kəşfiyyat xidməti onların mayın 9-na Rusiya QRU tərəfindən hazırlandığını iddia edir.

Məlumata görə, hadisəni törədən şəxslər saxlanılıb.

“Təhlükəsizlik Xidməti fəal hərəkət etdi və terror aktını törədənlər cinayət başında yaxalandı. Rusiya izini qeyd-şərtsiz təsdiqləyən dəlil bazası da toplanıb”, – Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artem Dextyarenko BBC Ukrayna Xidmətinə şərhində bildirib. Ukrayna departamenti heç bir təfərrüat verməyib.

Bir neçə gün əvvəl Təhlükəsizlik Xidməti Ukrayna Prezidenti Vladimir Zelenskiyə və ölkənin digər yüksək səviyyəli liderlərinə sui-qəsd planının üstünü açdığını elan etmişdi və Rusiya hakimiyyətini sui-qəsdləri hazırlamaqda ittiham edirdi.

Rusiya hakimiyyəti hərbi əməliyyatlar şəraitində Təhlükəsizlik Xidmətinin bəyanatlarını hələ şərh etməyib.

Ana səhifəXəbərlərRusiya Xarkovun 5 kəndini nəzarətə götürdüyünü deyir