close

Rusiyada daha bir yüksək vəzifəli generalın saxlanıldığı bildirilir

Yuri Kuznetsov. Foto: Rusiya Müdafiə Nazirliyi

Kuznetsov cinayət törətməkdə şübhəli bilinir

Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun saxlanıldığı deyilir.

Bu barədə mayın 14-də rəsmi dövlət agentliyi TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, general-leytenant Yuri Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb:

“İşin istintaqı Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq general barəsində həbs-qətimkan tədbiri seçilib”.

Kuznetsovun iş yerində, eləcə də evində axtarış aparılsa da, cinayət işinin digər təfərrüatları barədə məlumat verilmir”, – deyə məlumatda əlavə edilib.

Y.Kuznetsov 2010-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bu orqan Müdafiə Nazirliyinin tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğuldur.

Y.Kuznetsov 2023-cü ilin mayında Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu, son 20 gündə Rusiya Müdafiə Nazirliyində ikinci həbsdir.

Aprelin 23-də Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.

Timur İvanova qarşı xüsusilə külli miqdarda (Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi), yəni azı bir milyon rubl rüşvət alma maddəsi irəli sürülüb.

Moskvanın Basmannıy məhkəməsi Timur İvanov haqqında 2 ay müddətində, yəni 23 iyuna qədər həbs qərarı çıxarıb.

Ana səhifəDünyaRusiyada daha bir yüksək vəzifəli generalın saxlanıldığı bildirilir