close

Rusiyada seçkilərin son günü: müxalifətin aksiyasına dəstək verənlər saxlanılıb (yenilənib)

Foto: Reuters

Mərkəzi Seçki Komissiyası bildirir ki, Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin protokolların 50,02 faizinin sayılmasının nəticələrinə əsasən 87,34 faiz səs toplayaraq liderdir:

İkinci yerdə hələki 4,11 faiz səs toplayan Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,01 faiz səslə Yeni Xalq Partiyasından Vladislav Davankov və sonuncu yerdə 3,11 faizlə Liberal Demokrat Partiyasından Leonid Slutskidir”.


Rusiyada keçirilən prezident seçkisi zamanı 60-dan çox cinayət işinin açıldığı bildirilir.

Bunu Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy yerli mediaya deyib.

“Ümumilikdə, seçkilər zamanı baş vermiş qanun pozuntuları və cinayətlərlə bağlı vətəndaşlardan idarəyə 1,4 min ərizə daxil olub. Nəticədə 61 cinayət işi başlanıb ki, onların arasında terror aktları (23) və seçicilərin hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi (21) haqqında qəsdən yalan məlumatların verilməsi (21) üstünlük təşkil edib. Həmçinin 155 inzibati protokol tərtib edilib”.


Rusiyanın Mərkəzi Seçki Komissiyası protokolların 30,08 faizinin sayıldığını açıqlayıb.

Bildirilib ki, ilkin nəticələrə görə Prezident seçkisində hazırkı ölkə başçısı Vladimir Putin 87,68 faiz səslə öndədir, ikinci yerdə Kommunist Partiyasının namizədi Nikolay Xaritonovdur.


70-dən çox fəalın polisə aparıldığı bildirilir

Martın 17-də Rusiyada Prezident seçkilərinin sonuncu günüdür.

Moskva vaxtı ilə saat 16:02-ə olan məlumata görə, ölkə üzrə seçici fəallığı 70,01 faiz təşkil edib.

Bu, 15 və 16 martdakı fəallıqdan çoxdur.

Mərkəzi Seçki Komissiyası bildirib ki, səsvermənin birinci günü seçici fəallığı 38, ikinci günü isə 60 faizi keçib.

Foto: spektr.press

Bununla bərabər saat 17-ə olan məlumata görə, 17 şəhərdə 75-dən çox adam saxlanılıb.

Bu barədə “ovd.info” məlumat yayıb.

Sayt bildirir ki, saxlanılanların sayı hər bir polis idarəsində dərc edilmiş siyahılarda göstərilənlərdən daha çox ola bilər.

Ən çox həbs hələ ki Kazandadır: 29 nəfər. Moskvada azı 19 saxlanılan var. Məsələn, bülletendə “Müharibəyə yox” yazan Elmira Yakupovanı təhlükəsizlik qüvvələri şöbəyə aparıblar. Onun telefonu əlindən alınıb. Sankt-Peterburqda azı 6, Volqoqrad və Çelyabinskdə isə 3 nəfər saxlanılıb”, – deyə məlumatda qeyd olunub.

Rusiyanın İstintaq Komitəsi “seçki komissiyalarının işinə mane olmaq” maddəsi ilə azı 15 cinayət işi açdığını qeyd edib.

Foto: Reuters

Saxlanılanların çoxu Rusiya müxalifətinin seçkilər zamanı “Putin əleyhinə günorta” etiraz aksiyasına qatılanlar olub.

Qeyd olunub ki, paytaxt Moskva daxil olmaqla Sankt-Peterburqda, İrkutskda, Permdə, Murmanskda, Yekaterinburqda, Kazanda, Pskovda və bir çox başqa şəhərlərdə “Putin əleyhinə günorta” aksiyaları müşahidə olunub.

Aksiya ölkə xaricində Rusiyanın Budapeştdə, Lüksemburqda, Berlində, Stokolmda, Belqradda, Haaqada, Qdanskda, Yerevandakı səfirlikləri qarşısında da keçirilib.

Seçki günü ən çox gərginlik Belqrad vilayətində olub.

Foto: Reuters

“Rusiyanın azadlığı legionu”nun “Telegram” kanalının bildirdiyinə görə, vilayətin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib:

“Hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb”.

“Rusiyanın azadlığı” legionu rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir və Ukrayna Silahlı Qüvvələrinə tabedir.

2023-cü ilin martında Rusiyanın Ali Məhkəməsi legionu terror təşkilatı kimi tanıyıb

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Rusiya Xarici İşlər Nazirliyi (XİN) səsvermə prosesinə xaricdən müdaxilə edildiyini açıqlayıb.

Prezident seçkisinə müdaxilə bütün dost olmayan ölkələrdən gəlir. Bu prosesdə ABŞ və Almaniya liderlik etdi”, – XİN qeyd edib.

Bugünkü seçkidə 4 namizəd iştirak edir: beşinci müddətə namizədliyini irəli sürmüş hazırkı ölkə başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, “Yeni İnsanlar” blokunun namizədi Vladislav Davankov.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Ana səhifəSiyasətRusiyada seçkilərin son günü: müxalifətin aksiyasına dəstək verənlər saxlanılıb (yenilənib)