close

Rusiyadakı terrora görə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə cinayət işi açılıb

“Crocus City Hall”. Foto: Reuters

Zərərçəkənlər və həlak olanların yaxınları iddia edirdi ki, zalın yanğınsöndürmə xidməti işləmirmiş

“Crocus City Hall”un yanğın təhlükəsizliyinə cavabdeh şəxslərinə qarşı Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə cinayət işi açıldığı bildirilir.

TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, cinayət işi Rusiyanın İstintaq Komitəsi tərəfindən kompleksin təhlükəsizliyinə cavabdeh olan iki işçisinə qarşı açılıb.

Onlardan biri konsert zalının yanğınsöndürmə briqadasının rəhbəridir.

Həmin şəxslərin kimliyi açıqlanmır.

“Crocus City Hall”dakı terrordan zərərçəkənlərin bir qismi bugünlərdə kompleksin sahiblərinə qarşı cinayət işinin başlanması üçün Rusiya İstintaq Komitəsinə müraciət etmişdilər.

11 nəfər olmaqla – konsert zalındakı terror hücumunda həlak olanların yaxınları və zərərçəkənlər kompleksin yanğından mühafizə xidmətinin lazımi səviyyədə təmin edilməməsindən şikayətçi idilər.

“Crocus City Hall”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov isə “Forbes Russia”ya müsahibəsində ittihamları ədalətsizlik hesab etdiyini bildirmişdi.

“Crocus City Hall”da terror hadisəsi martın 22-də axşam saatlarında Sovet və Rusiya rok qrupu “Piknik”in nəzərdə tutulan konsertindən öncə baş verib.

Rusiya İstintaq Komitəsi terrorizm (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) maddəsi ilə cinayət işi açıb və 11 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Son rəsmi məlumatlara görə hücumda altı uşaq olmaqla 144 nəfər həlak olub, 550-dən çox insan isə yaralanıb.

Daha onlarla adam itkin düşənlər siyahısında qalıb və yaxınları onların axtarışlarını hələ də davam etdirir.

Hücuma görə məsuliyyəti İraq Şam İslam Dövlətinin (İŞİD) “Xorasan Vilayəti” adlı hücrəsi üzərinə götürüb.

Rusiya hakimiyyəti hücumda “Ukrayna izi”nin olduğunu deyir.

Ukrayna tərəfi isə ittihamı inkar edir.

ABŞ rəsmiləri hücumdan iki həftə əvvəl Rusiyaya xəbərdarlıq edib.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaRusiyadakı terrora görə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə cinayət işi açılıb