close

Rusiyalı hərbi jurnalistin partladıldığı bildirilir

Foto: Teleqram

Partlayış zamanı 25 nəfərin xəsarət aldığı deyilir

Aprelin 2-də Sankt-Peterburqun “Street-bar” kafesində partlayış baş verib.

İlkin məlumata görə, partlayışda özünü hərbi jurnalist kimi təqdim edən Vladlen Tatarski (əsl adı Maksim Fomin) ölüb, 25 nəfər xəsarət alıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Kafedə Vladlen Tatarskinin yaradıcılıq gecəsi keçirilirmiş.

Bildirilib ki, Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb:

“Tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Vladlen Tatarskiyə büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib. Nastya qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl Tatarskinin əlində olanda partlayıb”.

“Telegram” kanallarının məlumatına görə, partlayıcı qurğu məsafədən idarə olunub və gipsdə gizlədilib.

Partlayışın gücü 200 qram trotil olub.

İstintaq Komitəsi Cinayət Məcəlləsinin 2-ci hissəsi ilə cinayət işi açıb.

Vladlen Tatarski Rusiyanın Ukraynaya qarşı savaşı başlayandan sonra ukraynlara qarşı nifrət nitqi ilə çağırışlar etməsi ilə yadda qalıb.

“Street Bar”ın əvvəllər Yevgeni Priqojinə məxsus olduğu deyilir.

2022-ci ilin avqustun 20-də avrasiyaçı, filosof Aleksandr Duqinin qızı Daria Duqina öldürülmüşdü.

Onun avtomobili Moskva vilayətinin Mojaysk şossesində partladılmışdı.

Rusiyanın hüquq-mühafizə orqanları qətldə Ukrayna vətəndaşı Natalya Vovku günahkar hesab edirdilər.

Duqin Rusiyada Putin rejiminin əsas ideoloji fikir atalarından sayılır. O həm də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müdafiə edənlərdən idi.

Ana səhifəDünyaRusiyalı hərbi jurnalistin partladıldığı bildirilir