Bu kredit Qərbdə dondurulmuş 300 milyard dollarlıq aktivlərindən əldə edilən gəlirlə ödəniləcək
G7 ölkələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin ayrılması üzrə işləri oktyabra qədər yekunlaşdıracaq. Bu məlumatı ABŞ maliyyə naziri Canet Yellen verib.
Bu kredit Moskvanın 2022-ci ilin əvvəlində Ukraynaya qarşı başladığı müharibədən sonra Qərbdə dondurulmuş Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərindən əldə edilən gəlirlə ödəniləcək. Yellenin sözlərinə görə, Birləşmiş Ştatlar Avropadan aktivlərin kifayət qədər uzun müddətə dondurulacağına dair zəmanət tələb edir ki, onlardan əldə olunan gəlirlər kreditin ödənilməsinə sərf edilsin. Dondurulmuş pulların böyük hissəsi Avropadadır.
Hər altı aydan bir Avropa İttifaqı (Aİ) aktivlərinin dondurulması da daxil olmaqla, Rusiyaya qarşı sanksiyaların uzadılmasına qərar verir. ABŞ rəsmilərinin fikrincə, bu, Aİ-nin 27 ölkəsi arasında mümkün fikir ayrılıqları səbəbindən həssas hala gələn gəlirlərin sabitliyi üçün riskləri artırır.