Xəritələrdə Rusiyanın müttəfiqləri – Çin, İran, Şimali Koreya ilə müharibə ssenariləri də əksini tapıb
Rusiya donanmasının NATO ilə potensial münaqişə vəziyyətində nüvə başlıqları daşıya bilən raketlərə qarşı təlimlər keçirdiyi bildirilir.
Bu barədə “Financial Times” yazır.
Nəşrin jurnalistləri Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl zabitlər üçün hazırlanmış gizli təqdimatı araşdırıblar.
Nəşrin əldə etdiyi sənədlərdə həm adi, həm də nüvə başlıqları daşıya bilən raketlər üçün hədəflərin siyahısı da verilib.
Operativ istifadədən daha çox təqdimat üçün yaradılmış xəritələrdə Avropadakı Rusiya donanması üçün 32 hədəf göstərildiyi güman olunur.
“Baltik Donanması üçün hədəflər əsasən Norveç və Almaniyada verilib. Onların arasında Bergendəki (Norveç) dəniz bazası, radiolokasiya stansiyaları və xüsusi təyinatlıların obyektləri var. Şimal Donanması isə hərbi gəmilərin və sualtı qayıqların tikildiyi Britaniyanın Barrou-in-Furnessdəki gəmiqayırma zavodu da daxil olmaqla, müdafiə sənayesi obyektlərini vura bilər. Xəritələrdə Rusiyanın hazırkı müttəfiqləri – Çin, İran, Azərbaycan və Şimali Koreya ilə müharibə ssenariləri də əksini tapıb”, – deyə “Financial Times”yazır.
NATO-nun keçmiş rəsmisi, hazırda Stimson Mərkəzinin analitik mərkəzində çalışan Uilyam Alberk “Financial Times”a deyib ki, bu, bütün Avropada “yüzlərlə, hətta minlərlə” hədəfin, sadəcə, nümunəsidir.
Sənədlər həmçinin münaqişənin ilkin mərhələsində nüvə silahından istifadənin üstünlüklərindən bəhs edir:
“Onlar eyni zamanda, Rusiya gəmilərinin nüvə silahı daşımaq qabiliyyətini göstərir. Donanmanın yüksək manevr qabiliyyəti müxtəlif istiqamətlərdən qəfil və kütləvi hücumlara imkan verir”.
Sənədlərdə nüvə silahlarının ümumiyyətlə digər silahlarla birlikdə istifadə üçün nəzərdə tutulduğu da vurğulanıb:
“Məqsəd NATO ilə münaqişə zamanı əsas prioritet düşmənin hərbi və iqtisadi potensialının zəiflədilməsidir”.
“Financial Times”ın istinad etdiyi analitiklər hesab edirlər ki, bu, mülki hədəflərə və kritik infrastruktura zərbə endirmək deməkdir.
Təqdimatda həmçinin Qərb ölkələrini qorxutmaq üçün “nümayiş zərbəsi” variantı – ucqar ərazidə nüvə silahının partlatılmasından bəhs edilir.
Deyilir ki, belə bir zərbə “dəqiq idarə olunan qeyri-strateji nüvə silahlarının mövcudluğunu və istifadə etməyə hazırlığı” və “nüvə silahından istifadə etmək niyyətini” nümayiş etdirəcək.
Nəşrin yazdığına görə, Rusiya heç vaxt öz doktrinasında belə zərbələrin olduğunu etiraf etməyib.
“Financial Times” jurnalistləri tərəfindən araşdırılan sənədlər 2008-2014-cü illər arasında hazırlanıb.
Analitiklər bildiriblər ki, bu məlumatlar NATO-nun Rusiya donanmasından gələn hücum təhlükəsi ilə bağlı qiymətləndirməsinə uyğundur:
“İyun ayında keçirilən qeyri-strateji nüvə qüvvələrinin təlimləri sənədlərin hələ də Rusiya doktrinasına uyğun olduğunu göstərir. Bu təlimlərdə Rusiya hərbçiləri P-270 gəmi əleyhinə qanadlı raketlərin taktiki nüvə başlıqları ehtiyatının saxlanıldığı Kalininqradda raket katerlərinə yüklənməsini məşq edib”.
Fevral ayında “Financial Times” eyni sənədlərə istinad edərək Moskvanın taktiki nüvə silahından istifadə həddinin Rusiya hökumət rəsmilərinin açıq şəkildə bəyan etdiyindən aşağı olduğunu bildirmişdi:
“Belə silahlardan istifadənin səbəbi hətta Rusiyanın sualtı qayıqlarının 20 faizini itirməsi ola bilər”.
Rusiya rəsmiləri nəşrin yaydığı sənədlərlə bağlı hələ ki heç bir açıqlama verməyiblər.