close

Sahibkarlığın İnkişafı Fondunun hesabatı: “Kiçik sahibkarlıq yaddan çıxıb”

Mənbə: banco.az

İqtisadçı krediti qaytarmayan iri şirkətlərin kimlərə bağlı olduğunu sorğulayır

2022-ci ildə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu kredit təşkilatlarına 946 milyon 58 min manat kredit verib.

Bu barədə Fondun açıqladığı illik hesabatda bildirilir.

Ötən il Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditlər 2021-ci ilə baxanda 26 milyon 2 min manat azalıb.

Məlumatda qeyd edilir ki, fondun 946 milyon 58 min manat cəmi kredit portfelinin 704 milyon 173 min manatını və ya 74,4 faizini iri həcmli kreditlər (1 milyon 1 manat – 10 milyon manat civarında olan), 137 milyon 517 min manatını və ya 14,5%-ni orta həcmli kreditlər (50 min 1 manat – 1 milyon manat civarında), 104 milyon 368 min manatını və ya 11,1%-ni kiçik həcmli kreditlər (50 min manatadək) təşkil edib.

İri həcmli kredilərin 24,8%-ni və ya 174 milyon 380 min manatını ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil edib.

Həmçinin ehtimal olunan kredit zərərləri üzrə ehtiyat orta həcmli kreditlərin (137 milyon 517 min manat) 19,2%-ni və ya 26 milyon 353 min manatını, kiçik həcmli kredilərin (104 milyon 368 min manat) isə 44%-ni və ya 45 milyon 986 min manatını təşkil edib.

Sahibkarlığın İnkişafı Fondu

Ötən il Fondun iri və kiçik həcmli kreditləri üzrə ehtiyatı azalıb, orta həcmli kreditlər üzrə artıb.

Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin 68%-i və ya 645 milyon 282 min manatı kənd təsərrüfatı sektoruna, 22%-i və ya 203 milyon 665 min manatı sənaye sektoruna, 10%-i və ya 97 milyon 111 min manatı xidmət sektoruna verilib.

İqtisadçı Natiq Cəfərli deyir ki, əslində, Fondun məqsədi ölkədə kiçik-orta sahibkarlığa dəstək olmaq, güzəştli şərtlərlə, aşağı faizlə kredit verməkdir.

Açıqladığı hesabatdan görünür ki, fond daha çox iri həcmli kreditlər verib:

Bu kreditlərin hər biri 1 milyon 1 manat – 10 milyon manat civarında olan kreditlərdir. İkinci yerdə orta həcmli kreditlər gəlir ki, bura da 50 min 1 manat – 1 milyon manat civarında olan kreditlər daxildir. Kiçik həcmli kreditlər – 50 min manatadəkdir. Fondun ayırdığı kreditlər arasında azlıq təşkil edir”.

İqtisadçı bildirir ki, görünür, kiçik sahibkarlıq yaddan çıxıb, amma problem bununla da bitməyib:

“Fondun verdiyi kreditlərin 26,3%-i, və ya 255 milyon 664 min manatını problemli kreditlərdir. İri həcmli kredilərin 24,8%-i, orta həcli kreditlərin 19,2%-i və kiçik həcmli kredilərin isə 44%-i problemli kreditlər təşkil edir. Yəni problemli kreditlərdə faiz nisbətində ən çox kiçik kreditlər görsənsə də (44%), məbləğ olaraq cəmi 45,9 mln. manatdır. Problemli kreditlərin 174 mln. 380 mini 1-10 mln. manat arası olan kreditlərdir”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Natiq Cəfərli deyir ki, indi Fond zəhmət çəkib açıqlasın ki, bu iri “sahibkarlar” kimdir, hansı şirkətlərdir, kimlərə bağlıdır:

Nədən, az qala, 175 mln. manat borclarını qaytarmayıblar, amma hələ də onlara qarşı hüquqi addımlar atılmayıb – camaatın Banklara 100-200 manat borcu qalanda tez məhkəməyə verirlər, amma 175 mln. borc qaytarmayan “biznesmenlərə” “gözün üstündə qaşın var” deyən yoxdur. Dərindən araşdırsan, hamısının arxasından məmur çıxacaq”.

Martın əvvəlində açıqlanan məlumata görə, Azərbaycanda kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonunun payına düşür.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də açıqlama verib.

Bildirib ki, son ilin göstəricilərinə görə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20.3 milyard manat təşkil edib.

Azərbaycanda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır.

Ana səhifəİqtisadiyyatSahibkarlığın İnkişafı Fondunun hesabatı: “Kiçik sahibkarlıq yaddan çıxıb”