close

Şamaxı DOST Mərkəzindən narazılıq var  

DOST İş Mərkəzi, Foto: dost.gov.az

İşçilər adlarına yazılmış əməkhaqqını kimin aldığından xəbərsiz olduqlarını deyirlər

Şamaxı DOST Mərkəzi tərəfindən işə götürülən 105 nəfər ötən ilin noyabrında işdən azad olunub. Halbuki onlarla 4 illik əmək müqaviləsi bağlanmışdı. İşçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirdilər. Onlara tezliklə işlə təmin olunacaqları vəd edilmişdi, fevral bitir, amma hələ də vəd yerinə yetirilməyib”.

Bunu Meydan TV-yə ictimai fəal Əhməd Rəhmanov bildirib. Onun sözlərinə görə, o da işçilərlə birgə nazirliyin qəbul şöbəsində olub, sonradan dəfələrlə nazirliyin aidiyyatı şöbələriylə əlaqə saxlayıb.

İşçilərin əmək kitabçalarına işdən çıxarmaları ilə bağlı qeyd edilib. Amma nazirliyin verdiyi cavabda göstərilib ki, şikayətçilərdən biri Ağayar Gülbabayevə və onun qızı Zeynəb Zəkəriyyəyevaya fevralın 5-nə kimi əməkhaqqı ödənilib. Halbuki heç birinin bundan xəbəri olmayıb”,-Rəhmanov qeyd edib. 

Ağayar Gülbabayev. Foto: Meydan TV

Ağayar Gülbabayev də bildirib ki, DOST Mərkəzi tərəfindən monitorinq keçirilib və onlar işdə olmadıqları yazılıb.

Monitorinq nə vaxt keçirilib, kimlər gəliblər? heç kimin bundan xəbəri yoxdur. Bir qızımın həyat yoldaşı həbs edilib. Digərini də işdən çıxartdılar. 9-10 nəfər ailənin yükü üzərimdədir. Bu yaşımda fəhləlik edirəm ki günə heç olmasa çörəkpulu çıxsın. Bəzən elə olur ki, onu da qazana bilmirəm”,- şikayətçi deyib.

Ağayar Gülbabayev ötən il də eyni problemlə bağlı Meydan TV-yə müraciət etmişdi .

Gülbabayevin sözlərinə görə, bir neçə gün əvvəl nazir müavini Anar Əliyev Şamaxıda qəbul keçirib. Şikayətçilər onunla görüşüblər və ərizə yazıblar. Lakin işə baxılması Şamaxı Məşğulluq Mərkəzinə həvalə edilib. Bununla da onların şikayətlərinin təmin olunacağı ümidi tamamilə ölüb:

Mənə göndərilən cavabda qızım kimi başqa bir nəfərin adını yazıblar. Guya qızıma fevrala kimi maaş ödənilib. Kimə maaş yazıldığını bu günə kimi bilmirik. Bütün dövlət orqanlarına, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət etmişəm. Artıq onlardan cavab gəlib. İşi araşdıracaqlar”.

DOST İş Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Şamaxı rayonu üzrə DOST Mərkəzinin keçirdiyi birinci monitorinq tədbirləri zamanı davamiyyəti zəif olan işçilərin sayı 179 nəfər olub. Bu işçilərin növbəti dəfə monitorinq edilməsi nəzərdə tutulub. Növbəti monitorinq zamanı isə 93 nəfərin davamiyyəti zəif olub. Buna görə də onların müqavilələrinə xitam verilib.

R.Seyidov qeyd edib ki, həmin şəxslər iş yerində olmayıblar:

Monitorinq aparan əməkdaşlarımız müqavilə ilə çalışanların işlədikləri ərazilərə gedirlər. Bu zaman icraçı qurumların əməkdaşları da onlarla bərabər olur”.

Mətbuat katibi qeyd edib ki, müqavilələrinə xitam verilənlərin sayı 105 deyil, 94 nəfərdi.

Monitorinq zamanı bəzən işçinin özünün deyil, yaxınlarının onun yerinə işə çıxdığı aşkarlanır. Üzrlü səbəb olmadan işə çıxmayanların müqavilələrinə xitam verilir, bunu onların özlərinə də izah edirik”, – R. Seyidodv deyib.

Ana səhifəBölgəŞamaxı DOST Mərkəzindən narazılıq var