close

Seçki məntəqələrində jurnalistlərin fəaliyyətinə maneə yaradılır

Seçki. Foto: Meydan TV

Hüquqşünas: “Jurnalistin seçki məntəqəsindən kənarlaşdırılması qanunsuz və qeyri-hüquqi davranışdır”

Müstəqil jurnalist Lida Abbaslıya bu gün səhər saatlarında 8 nömrəli dairənin 36 saylı məntəqəsində (276 nömrəli məktəb) çəkiliş aparmağa izin verilməyib.

Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, içəri girəndə ona kimsə mane olmayıb. Sonradan onun müşahidəçi yox, jurnalist olduğu anlaşılanda məntəqədən kənarlaşdırılıb.

“Əvvəlcə bir nəfər kişi yaxınlaşdı, kim olduğumu soruşdu. Dedim ki, jurnalistəm, prosesi işıqlandırmağa gəlmişəm. Gedib bir qadını çağırdı. Heç hansı media qurumdan olduğumu belə soruşmadan, çəkiliş edə bilməyəcəyimi deyib, məntəqədən qovdular”.

Lida Abbaslı deyir ki, nə qədər izah etməyə çalışsa da, onu dinləyən olmayıb.

“Jurnalistəm, çəkiliş üçün izin almalı deyiləm dedim, fikir vermədilər. Məcbur, çəkilişə məntəqənin qarşısında davam etməli oldum. İçəridən heç bir görüntü götürə bilmədim”.

Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, jurnalistin seçki məntəqəsindən kənarlaşdırılması qanunsuz və qeyri-hüquqi davranışdır. Çünki Azərbaycanda medianın seçkidə iştirakı Seçki Məcəlləsi ilə tənzimlənir. Məcəlləsinin 40.8, və 43-cü maddələrində bu hüquq bütün KİV-lərə tanınıb:

“Ayrıca, seçkidə təməl prinsip şəffaflıq və aşkarlıqdır. Yəni seçki gizli, məxfi bir proses deyil ki, onun gedişatının işıqlandırılmasına jurnalist buraxılmasın”.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Hüquqşünas deyir ki, hətta yeni Media Qanunu hər nə qədər ziddiyyətli və məhdudlaşdırıcı olsa da, onun belə seçkinin işıqlandırılmasına müdaxilə imkanı yoxdur.

Onun sözlərinə görə, qanunvericilik media subyektini o zaman tanımır ki, onun fəaliyyəti Media Agentliyi tərəfindən reyestrdən keçmədiyinə görə mübahisələndirilsin və məhkəmə tərəfindən dayandırılmış olsun:

“Haqqında məhkəmə qərarı olmayan, praktik fəaliyyət göstərən heç bir media subyektinin jurnalistinə məntəqələrdə giriş və çəkiliş qadağan oluna bilməz”.

Ələsgər Məmmədli deyir ki, Azərbaycan Konstitusiyasının 71.9 maddəsinin tələbinə görə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər”.

Yəni heç bir qanun və məcəllə seçki prosesini yalnız reyestrdən keçən media nümayəndələri izləyə bilər deyə, tələb qoymayıb. Belə olsaydı, gərək onlarla beynəlxalq media təmsilçiləri də reyestrdən keçmədiklərinə görə informasiya toplamayaydılar”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün jurnalistlərə səslənərək, məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb:

“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”.

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

O bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq. Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq:

“Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq. Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır”, – deyə Pənahov əlavə edib.

“Turan” İnformasiya Agentliyi yazır ki, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu məntəqəsində jurnalistlərlərə Media reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib.

29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində də jurnalistlərin fəaliyyətinə maneçilik yaradılıb.

Yasamal rayonunun üçüncü seçki dairəsində “Turan”-ın müxbirini 8, 13, 12 və 29-cu məntəqələrə buraxmayıblar.

Ana səhifəSiyasətSeçki məntəqələrində jurnalistlərin fəaliyyətinə maneə yaradılır