close

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verdiyi bildirilir (yenilənib)

Foto: Meydan TV

Ticarət mərkəzində 1 nəfərin tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyi qeyd olunub.

TƏBİB-dən bildiriblər ki, iki nəfərə tüstüdən zəhərlənmə səbəbindən yerində yardım göstərilib.


Daxili İşlər Nazirliyi yanğının söndürüldüyünü bildirib.

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb:
“Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib”

DİN həmçinin yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfərin saxlanıldığını əlavə edib:

“Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər. Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib”.


Sahibkar: “Mənə dedilər ki, yanğın hansısa tekstil mağazasında baş verib”

Yanvarın 8-də Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.
Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Ticarət mərkəzində çalışan və adının açıqlanmasını istəməyən mənbə bildirir ki, yanğın “Şirniyyat bazarı” deyilən ərazidə baş verib:

“Yoldayam, gedirəm. Elə evə təzəcə gəlmişdim ki, zəng etdilər ki, mənim mağazama yaxın sırada yanğın çıxıb. Mənim mağazam 17-ci sıradadır. Daha bilmirəm, bəlkə də bizim sıradır, həyəcanlanmayaq deyə gizlədirlər. Mənə dedilər ki, yanğın hansısa tekstil (dəsmal, pastel, yorğan, yasdıq) mağazasında baş verib”.

Mənbə bildirib ki, özü də mağazasını yenicə təmir etdirib:

“Bizə dedilər ki, bütün mağazalar şüşəli olmalıdır. Elə öz hesabımıza təmir etdirdik, içi də dolu malla”.

Bu, ticarət mərkəzində baş verən ilk yanğın deyil. 2020-ci ilin fevralında da burada yanğın baş vermişdi.
Yanğın nəticəsində təxminən 50-yə yaxın ticarət obyektinə ziyan dəymişdi.

Ana səhifəSosial“Sədərək” Ticarət Mərkəzində yanğın baş verdiyi bildirilir (yenilənib)