close
>

Səfər Mehdiyev: “Kimsə yuxuda nəsə görürsə, mən ona fikir bildirməli deyiləm (yenilənib)

Səfər Mehdiyev. Mənbə: “Azərtac”

Bu gün vəzifəsindən azad olunan Səfər Mehdiyev dövlət başçısının sərəncamını şərh etmək istəməyib.

“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”,- deyə Mehdiyev “Gununsesi.info”ya bildirib.

Həbs olunması ehtimalına gəlincə, Mehdiyev qısa reaksiya verib:

“Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa, mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.


Prezident yeni sərəncam imzalayıb

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

1973-cü ildə Naxçıvanda anadan olan Səfər Mehdiyev 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib.

O, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.

Eyni zamanda, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

S.Mehdiyev 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2006-cı ilin fevral ayından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2 il əvvəl Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib. Belə ki, DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.

Ana səhifəSiyasətSəfər Mehdiyev: “Kimsə yuxuda nəsə görürsə, mən ona fikir bildirməli deyiləm (yenilənib)