close

Səlim Müslümovun məhkəməsi təyin olunur, amma keçirilmir

Səlim Müslümov

Sabiq nazirin məhkəməyə gəlməməsi səhhətindəki problemlərlə əlaqələndirilir

27 milyon manatlıq mənimsəmə və rüşvət almaqda ittiham olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun il yarıma yaxındır ki, məhkəməsi gedir.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

2021-ci ilin fevralında həbs olunan və 2022-ci ilin mayında ev dustaqlığına buraxılan Səlim Müslümovun məhkəməsi aylardır ki, hər dəfə təyin olunur, amma keçirilmir.

Hər dəfə bir səbəb əsas gətirilərək sabiq nazirin məhkəməsi baş tutmur.

Noyabrın 13-nə təyin olunan növbəti məhkəmə iclası da baş tutmayıb.

Bu dəfə keçmiş nazirin səhhətində problem olduğu bildirilib.

Məhkəmə prosesinə sədrlik edən hakim Faiq Qəniyev bildirib ki, məhkəmə iclasından az öncə sabiq nazirin vəkili müvəkkilinin səhhətində problem yarandığını, bu üzdən onun məhkəməyə gələ bilmədiyini xəbər verib.

Keçmiş nazirin kəskin respirator xəstəliyə (tənəffüs yollarının iltihabı-red.) yoluxduğu bildirilib.

Bu əsasla da məhkəmə prosesi noyabrın 20-nə təxirə salınıb.

Səlim Müslümovun məhkəməsində şahidlərin dindirilməsi, sənədlərin tədqiqi mərhələsi başa çatıb.

Növbəti məhkəmə iclasında prokurorun çıxışı gözlənilir.

Səlim Müslümov məhkəmədə geniş ifadə verməsə də, qısaca özünü qismən təqsirli bildiyini demişdi.

O bildirmişdi ki, mənimsəmə və rüşvətalma ittihamlarını qəbul etsə də, israfetmə ittihamıyla razılaşmır.

Ona görə də 27 milyondan 20-sini ödəsə də, 7 milyonu ödəməkdən imtina edirdi.

Lakin cinayət işində bəhs olunan israfetmə, tenderlərdəki qanunsuzluqlar və s.

Səlim Müslümovun rəhbərliyi dövründə baş verdiyinə görə iddia olunur ki, bütün bunlardan onun xəbəri olub.

Bu səbəbdən ona 7 milyonla bağlı ittiham verilib.

62 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib.

O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.

Ana səhifəSosialSəlim Müslümovun məhkəməsi təyin olunur, amma keçirilmir