close

Sərhədlərin bağlı olması Gürcüstandan Azərbaycana gəlmək istəyənlərin xərcini 48 dəfəyədək artırıb

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

Son 3 ildə qonşu ölkədən gələnlərin sayı da xeyli azalıb

Təhminə Səmədova Gəncədə doğulub, boya-başa çatıb. Dörd il öncə Gürcüstanın Kəpənəkçi (Bolnisi) kəndinə gəlin köçüb. Üç yaşında bir oğlu da var, adı Aslandır. Deməsinə görə, oğlu doğulandan valideynləri onu yalnız görüntülü zənglərdə görə bilib. İndi atası xəstədir, o, Bakıda xəstəxanada yatır, həkimlər ümid vermir.

Təhminə məcburdur ki, atasını görmək üçün oğlu ilə birlikdə Bakıya getsin.

O, oğlu ilə birlikdə Bakıya gedib-gəlməsi üçün AZAL-dan 1900 manata bilet alıb (Bakı-Tbilisi reysi).

Deyir, hələ Gürcüstan mühitinə adaptasiya ola bilməyib, işləmir. Həyat yoldaşının maaşı isə ayda 1300 manata yaxındır. Aldığı bilet onların bir aylıq büdcəsini aşır.

Sərhəd açıq olanda bir nəfərin Gürcüstandan Bakıya gediş-gəlişi avtobusla 30-40 manata, qatarla 50-60 manata başa gəlirdi.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin ilk 8 ayında Azərbaycana 183 ölkədən 1343,7 min nəfər gəlib. Bu, əvvəlki ilin eyni dövrünə baxanda 33,8 faiz çoxdur.
Gələnlərin böyük hissəsinin Rusiya, sonra Türkiyə və İrandan olduğu bildirilir. Gürcüstan sıralamada beşincidir – 4,4 faizlə.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Pandemiyadan əvvəl, 2019-cu ilin ilk 8 ayında Gürcüstan sıralamada 22,1 faizlə ikinci yerdə idi.

Həmin vaxt Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min əcnəbi gəlib.

Rəsmi statistika Azərbaycana gələn əcnəbilər şəklində verilsə də, əslində Rusiya və Gürcüstandan gələnlərin çoxu bu ölkələrdə yaşayan Azərbaycan əsilli insanlar, Azərbaycanda birinci dərəcəli qohumları olanlardır.

Beləliklə, sərhədlərin bağlı olması Gürcüstandan Azərbaycana gələnlərin sayını 18 faizədək azaldıb. Səbəb isə onların Azərbaycana gəlmək üçün xərclədikləri pulun 48 dəfəyədək artmasıdır.

Карантинный режим
Foto: Meydan TV

Üç ildən artıqdır ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir (2020-ci ilin mart ayından).

Ən son, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla xüsusi karantin rejiminin müddəti oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadıldı.

Dünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda belə pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsa da, təkcə sərhədlər açılmır.
Ekspertlər bunun altında siyasi məqsədlərin olduğunu dəfələrlə bildiriblər.

Ana səhifəİqtisadiyyatSərhədlərin bağlı olması Gürcüstandan Azərbaycana gəlmək istəyənlərin xərcini 48 dəfəyədək artırıb