close

“Sevilfest”in proqramında yenilik edilib

Mənbə: “SevilFest”

Festival çərçivəsində beş günlük ödənişsiz sənədli film “workshop”u təşkil olunacaq

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının (“Sevilfest”) proqramında yenilik edilib.

Festivalın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, festival çərçivəsində “Dok Atelye” adlı beş günlük ödənişsiz sənədli film “workshop”u (interaktiv təlim növü) təşkil olunacaq.

“Workshop” sentyabrın 16-dan 21-dək Bakıda keçiriləcək.

“Workshop”u kurator və transmedia rəssamı, professor Keti de Haan idarə edəcək.

Mentor tamaşaçılarda rezonans doğuran təsirli sənət nümunələri yaratmaqda hekayənin gücündən bəhs edəcək.

İştirakçılar müxtəlif hekayəçilik üsullarını araşdıracaq, sənədli filmin struktur prinsiplərini öyrənəcək və vizual hekayə vasitəsilə fikirlərini effektiv şəkildə ifadə edəcəklər.

Rejissorluğa dair etik və hüquqi məsuliyyətlər qonaq mentorlar tərəfindən müzakirə olunacaq.

“Workshop” boyu əldə edilmiş bilikləri tətbiq etməyə, həm mentorlar, həm digər iştirakçılardan konstruktiv rəy almağa imkan yaradan interaktiv sessiyalar, qrup müzakirələri və praktiki məşğələlər keçiriləcək.

Beş günlük proqramın sonunda iştirakçılar mövcud bacarıqlarını təkmilləşdirəcək, sənədli film sənayesi haqqında biliklərini genişləndirəcək və sənədli layihə ideyasını inamla təqdim etməkdə hazırlıqlı olacaqlar.

İştirakçılar gündəlik “workshop” tapşırıqlarını bitirdikdən sonra “Sevilfest”in digər tədbirlərində iştirak edəcəklər.

İnteraktiv və nəzəri dərslərdən ibarət olacaq seminarda iştirakçılara həmçinin sənədli film çəkilişi, vizual hekayələr, eləcə də istehsal mərhələsi haqqında texniki biliklərin əsasları haqqında məlumat veriləcək.

“Workshop”un son günündə iştirakçılar öz layihələrini münsiflər heyətinə təqdim edəcəklər.

Münsiflər heyəti tərəfindən seçilən layihə qarşıdakı iki ay ərzində final versiyanın formalaşması üçün “Sevilfest”dən dəstək alacaq.

“Workshop”müraciət edəcək namizədlər aşağıdakı tələblərə uyğun olmalıdır:
– Azərbaycan vətəndaşı,
– 18 yaşdan yuxarı,
– Qısa sənədli film ideyasına sahib,
– Sənədli film istehsalı sahəsində karyera qurmaq istəyən,
– Vizual hekayələrə maraq göstərən.

Tələblər:

– 8 layihə ilə 16 iştirakçının qəbulu gözlənilir. Namizədlər ikili qruplar şəklində müraciət edə bilərlər. Lakin hər iki komanda üzvü tətbiq olunan film layihəsinin inkişafında mühüm rol oynamalıdır. (Nümunələr: rejissor – prodüser və ya rejissor – senarist).
– İngilis dili biliyi üstünlükdür (məcburi deyil).
– Seminarın bütün günlərində iştirak məcburidir.
– Beş günlük seminar zamanı iştirakçıların yaşayış, yemək və nəqliyyat xərcləri “Sevilfest” tərəfindən ödənilir. Bölgələrdə yaşayan namizədlərin müraciətinə xüsusi önəm verilir.

Müraciət üçün son tarix 31 avqustdur.

Aşağıdakı linkə keçid edib, müraciət formasını doldura bilərsiniz.

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı sentyabrın 15-dən 22-dək eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində keçiriləcək.

Adını dramaturq Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb.

Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Ana səhifəXəbərlər“Sevilfest”in proqramında yenilik edilib