“Mən niyə həbs olunmuşam, özüm də bilmirəm”
2011-2017-ci illərdə rayonlardan birində Müdafiə Nazirliyinin tabeliyində mərkəzi silah-sursat anbarının tikintisi zamanı 7.3 milyon manatlıq mənimsəmə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) başladığı araşdırmaları indi məhkəmə davam etdirir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısında dayanan isə tikintidə iştirak etmiş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri, 1967-ci il təvəllüdlü Üzeyir Həsənovdur. Bu işə hakim Məhəmməd Əkbərovun sədrliyi ilə baxılır.
Müqaviləyə əsasən, mərkəzi silah-sursat anbarı tikilməli, orada kommunikasiya xətləri çəkilməli, mebellər quraşdırılmalı, ərazi abadlaşdırılmalı və s. işlər görülməliydi. Lakin şirkət üzərinə götürdüyü öhdəliklərə tam şəkildə əməl etməyib.
Üzeyir Həsənov həmçinin Tarix Muzeyində təmir-bərpa işləri zamanı 1.8 milyona yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. İttihama əsasən, 2018-2019-cu illərdə Üzeyir Həsənov baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Bu zaman 1 milyon 706 min manat yeyintiyə yol verilib.
55 yaşlı Üzeyir Həsənov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. İddia olunur ki, yeyinti ilə yanaşı, sənədlərə də saxta məlumatlar daxil edilib, qiymətlər şişirdilib.
Lakin məhkəmədə ittihama münasibət bildirən şirkət rəhbəri özünü təqsirli bilmədiyini deyib:
“Mən niyə həbs olunmuşam, özüm də bilmirəm. Məni Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. Halbuki, artıqlamasıyla pul xərcləyib, iş görmüşəm. Lakin çatışmazlıq varsa, yenə də ödəməyə hazıram. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram?”
Onun vəkilləri ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Üzeyir Həsənovun müharibə dövründə orduya dəstəyinin, məcburi köçkünlərə yardımlarının nəzərə alınmasını xahiş ediblər.
“Özünü təqsirli bilməsə də, ödəniş etməyə hazırdır. Bunun üçün özü azadlıqda olmalıdır ki, bu işləri həll eləyə bilsin”, – vəkilləri belə deyib.
Lakin hakimlər ev dustaqlığı haqda vəsatəti təmin etməyib.
Vəkillər təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini istəyib:
“Kökü olmayan sübutlar əsasında şəxsə ittiham verilib. Maliyyə Nazirliyinin yoxlama aktını köçürüb, ekspert rəyi hazırlayıblar”.
Bu vəsatət isə hələlik baxılmamış qalıb.
Üzeyir Həsənovun vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsini istəyir. Deyirlər ki, məhkəmədə jurnalistlər iştirak edir, məsələni ictimailəşdirir. Halbuki, bu işdə kommersiya sirri, hərbi sirr sayılan məlumatlar ortaya çıxa bilər.
Hakimlər bildirib ki, əgər sirr sayılan məlumatlar ortaya çıxsa, o hissədə məhkəmə iclasları qapalı keçirilər. Məhkəmə prosesi əvvəldən axıra qədər qapalı keçirilməyəcək.
Üzeyir Həsənovun ittiham olunduğu müddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.